Axırı yaxşı qurtarmayacaq!

“Şagirdlər nə cür  tərbiyəsizlik etsə də, müəllimlərin günahkar çıxarıldığını görür”

“Onlar bir az da bundan həvəslənib özlərini ifrat dərəcədə sərbəst aparırılar”

“Belə şagirdlər, onların valideynləri üçün müəyyən qaydalar əsasında ölçü götürülməlidir”


Sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinifdə qeyri-etik hərəkətlərini əks etdirən daha bir video yayılıb. Belə ki,şagirdlər dərs vaxtı müəllimin qarşısında rəqs edib, partaları aşırıb və idman hərəkətləri ediblər. Görüntülərin hansı məktəbə aid olması hələki məlum deyil. Xatırladaq ki, bir neçə gün öncə Bakının Xətai rayonu, 165 saylı tam orta məktəbində də şagirdlər sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar nümayiş etdiriblər. Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

Təhsil üzrə ekspert Rafiq İsmayılov son vaxtlar məktəblərdə baş verən belə neqativ hallardan “Sherg.az”a danışarkən bildirib ki, analoji hadisələr bir az da gündəmə hesablanıb: 

“Çox güman ki, bu kimi hallar əvvəllər də olub. Bəs onda niyə paylaşmırdılar? İndi gündəm olub deyə hər kəs bir video tapıb paylaşır. Bu cür paylaşımların axırı yaxşı qurtarmır”.

R.İsmayılov  vurğulayıb ki, şagirdlər nə cür  tərbiyəsizlik etsə də, müəllimlərin günahkar çıxarıldığını görür. Ekspertin fikrincə, onlar bir az da bundan həvəslənib özlərini ifrat dərəcədə sərbəst aparırılar:

“Belə şagirdlər, onların valideynləri üçün müəyyən qaydalar əsasında ölçü götürülməlidir. Əgər qanunla onları cəzalandırmaq mümkün deyilsə, bunun üçün hansısa etik kodekslər hazırlana bilər. Maarifləndirmə və inzibati yollarla hazırkı mənfi halların qarşısını ala bilərik. Hüquq-mühafizə orqanlarını işə qarışdırmadan da bu istiqamətdə  tədbirlər görmək mümkündür”. 

Qeyd edək ki, bu gün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mediaya açıqlamasında bildirib ki,növbəti tədris ili başlanana kimi yeni nümunəvi qaydaların təqdimatı olacaq : “Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə,bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb.Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq”.