Təhsil naziri dönüş yarada bilər

Basketbolu Azərbaycanda sevilən bir idman növünə çevirmək mümkündür

Bütün məktəb binalarının həyətində, məhəllələrdə, binaların həyətlərində idman meydançalarının olması şərtdir


"Təhsil sistemi ilə basketbolun vəhdətini təşkil etmək ən ümdə məsələlərdəndir".
Azərbaycan Basketbol Federasiyası (ABF) basketbolun inkişafına nail olmaq üçün uzunmüddətli hədəfləri qarşısına məqsəd qoyub.
Bu barədə açıqlama verən Təhsil naziri, ABF prezidenti Emin Əmrullayevin fikrincə, süni və şişirdilmiş qısamüddətli uğurlar əlverişli üsul deyil: "Peşəkar idmanla təhsilin vəhdətini bir araya gətirmək çətin olsa da, bunun həlli yolunu tapmalıyıq".

Xüsusi Olimpiya Komitəsinin prezidenti, millət vəkili  Fazil Mustafanın “Şərq”ə açıqlamasına görə, peşəkar basketbolun idmanla vəhdətinə nail olmaq üçün bu işin təşkili  Dövlət Proqramına salınmalıdır: “Bütün məktəb binalarının həyətində basketbol meydançaları olmalıdır. 

Eyni zamanda məhəllələrdə, binaların həyətlərində də bu cür meydançaların olması vacib şərtdir. Təəssüflər olsun ki, yeni və plansız tikilən binaların heç birinin həyətində uşaqların futbol oynaya biləcəyi meydança yoxdur. Çünki təkcə məktəb bazasında basketbolun ölkə üzrə inkişafına nail olmaq mümkün olmayacaq. Bəzi məktəblərin həyətində, idman zalında basketbol meydançaları var, amma çox keyfiyyətsizdir.  Azərbaycanda basketbolun bu qədər arxa planda qalması o deməkdir ki, ölkədə bu sahədə sistemli bir planlaşdırma işi mövcud deyil. Ona görə də birinci iş sferasını gücləndirmək lazımdır. Ən əsası isə infrastruktura fikir verilməlidir. “Mall”ların, böyük supermarketlərin qarşısında basketbol meydançaları olmalıdır ki, uşaqların diqqəti bu istiqamətə yönəlsin”.  

Son vaxtlar basketbola qarşı münasibətdə müəyyən canlanmaların şahidi olduğunu vurğulayan deputat xüsusən də məktəblilər arasında bu sahəyə marağın artdığını və bunun arzuolunan tendensiya olduğunu deyib:

 “Peşəkar və həftəlik basketbolla məşğul olan biri kimi bu sahədəki problemlərə çox yaxşı bələdəm. 

Azərbaycan Basketbol Federasiyasına rəhbərliyi təhsil nazirinin etməsi bu sahədə hansısa bir canlanmaların olacağına ümid yaradır. Bu, bir növ ölkə başçısının nəzərdə tutduğu strategiyanın göstəricisidir. Fərqli bir sahə təmsilçisinin məktəbliləri bu sahəyə cəlb etməsi uğurlu alınmayacaqdı. Hesab edirəm ki, nazir məqsədyönlü bir proqramla basketbolun Azərbaycanda sevilən bir  idman növünə çevrilməsinə nail ola bilər. 

Bu sahənin dirçəldilməsi ilə bağlı bizim təkliflərimiz  də var. Sadəcə olaraq aidiyyəti qurumlar bizim təkliflərimizə bir o qədər də əhəmiyyət vermədiyi üçün səsləndirməyə ehtiyac görmürəm. 

Müvafiq qurumlar qapalı mühit yaratdığından bizim də öz təklif və şikayətlərimizi çatdırmaq imkanımız məhduddur. Biz də yerinə düşən müvafiq auditoriyalarda qayğı və narahatlıqlarımızı dilə gətiririk”.