Hazırda yüzlərlə məktəb əvəzedici şəxslər tərəfindən idarə olunur ki, bu da birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir
Azərbaycanda təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı çox ciddi problemlər var. Ekspertlər isə iddia edir ki, problem bunların başında orta məktəb direktorlarının doğru şəkildə seçilməməsindən qaynaqlanır. Məktəb direktorlarının təyinatında ciddi nöqsanların olduğu deyən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, deputat Etibar Əliyev Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan şəxslərin yaxınlarının məktəblərə direktor təyin edildiyini bildirib.
E.Əliyev qeyd edib ki, məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur. Ümumtəhsil məktəblərinin özündə çalışan direktor müavinləri təyinatdan kənarda qalır, boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinləri təyinat alırlar. Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur.
Deputat hesab edir ki, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər təyinat almalıdırlar. Ancaq bəzi direktorlar imtahan və müsahibələrdə iştirak etmədən direktor olur.
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi qaydaları 6 ildir ki, yeni formatda həyata keçirilir. Tətbiq edilən yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilir. 4 mərhələdən ibarət olan müsabiqəni uğurla keçənlər sonda bu vəzifəyə təyin olunurlar:
“Direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilmək hüququ verilib.
Bundan başqa əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər”.
Ekspertin sözlərinə görə, bütün bunların fonunda hələ də Bakı və regionlarda bütün mərhələləri keçib ehtiyatda qalan, təyin olunmayan kifayət qədər namizəd var:
“Bu o deməkdir ki, hazırda yüzlərlə məktəb əvəzedici şəxslər tərəfindən idarə olunur ki, bu da birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Belə ki, o, vəzifədə daimiləşməyəcəyini bilən əvəzedici direktor tam şəkildə, yüksək səviyyədə vəzifəsini yerinə yetirmir. Hüquqi baxımdan da, əvəzedici direktorun uzun müddət o vəzifəni tutması düzgün deyil. Qanunvericiliyin tələblərinə görə əvəzedici qaydada bu vəzifələr yalnız 6 aya qədər tutula bilər.
Hələ də müsabiqə və müsahibədən uğurla keçənlərin təyin olunmaması direktorların təyinatı sahəsindəki şəffaflığı şübhə altına alır”.