Birinci sinfə qəbulla bağlı ən çox rus sektorunda problemlər yaşanır
Təhsil Nazirliyi qanunvericilik aktlarını ciddi şəkildə pozaraq uşaqların təhsil almaq hüququnu tamamilə əlindən alır
Birinci sinfə şagird qəbulu üzrə məktəb seçimi valideynlərin narazılığına səbəb olub. Onlar məktəb seçimi zamanı yerlərin dərhal dolmasından şikayətlənirlər. Sosial platformada da çoxlu sayda belə narazılıqlara rast gəlmək mümkündür. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti mektebeqebul.edu.az portalı vasitəsilə övladlarını birinci sinfə qəbul etdirə bilmədiklərini yazıblar. İddialarda qeyd edilir ki, yerlər cəmi 2-3 dəqiqə içərisində tamamilə dolub. Problem əsasən Bakı məktəbləri ilə bağlıdır.
2022-2023-ci dərs ili üçün I sinfə şagird qəbulunun cari ayın əvvəlindən başladığını vurğulayan təhsil eksperti Kamran Əsədovun “Şərq”ə açıqlamasına görə, aradan 20 gün keçməsinə rəğmən hələ də övladını qeydiyyatdan keçirə bilməyən valideynlər var. Bunun bir sıra səbəbləri var:
“1-ci sinfə dərsə başlaya bilməyən uşaqların əksəriyyəti rus bölməsi üzrə müraciət edənlərdir. Yerlər dolduğu üçün rus bölməsi üzrə təhsil almaq istəyən kifayət qədər şagird dərsə başlaya bilməyib. Qeyd edim ki, Bakı Şəhər Baş Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsindədir.
Azərbaycan bölməsi üzrə təhsil almaq istəyənlər arasında da yer olmadığı üçün qeydiyyatdan keçə bilməyənlərin sayı çoxdur. Hətta öz evinin yanındakı məktəbdə yer olmadığı üçün qeydiyyatdan keçə bilməyən yüzlərlə şagird var.
Bir səbəb də xarici ölkələrə istirahət üçün gedənlərlə bağlıdır. Belə ki, onlar ölkədə olmadıqları üçün qeydiyyatdan keçə bilməyiblər, rayonlardan paytaxt Bakıya köçənlər var ki, onlar ərazi üzrə qeydiyyata düşmədiyi üçün gecikmələr olub: “Valideynlər həmin ərazidə qeydiyyatda olmadıqlarından aidiyyəti təhsil qurumu prosesi proqnozlaşdıra bilmir ki, birinci sinfə nə qədər adam gələcək. Bir çox insanlar rayon qeydiyyatıdır və onlar Bakıda yaşadığı ərazidə rəsmi ünvanda deyillər. Bu isə onların övladlarının faktiki yaşadıqları ərazi üzrə təhsil almaq imkanını məhdudlaşdırır.
Məhz buna görə BŞTİ-nin qeydiyyat müddətini uzatdığını vurğulayan ekspert hesab edir ki, hər uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadəsinin təmin edilməsi baxımından bu, təqdirəlayiq haldır. O şərtlə ki, əlavə yerləşdirmə siniflərdə şagird sıxlığı ilə nəticələnməsin”.
K.Əsədovun sözlərinə görə, yeni dəyişikliyə görə, bundan sonra rus bölməsini seçənlər birbaşa məktəbə qeydiyyata düşə bilməyəcəklər. Öncə yaradılmış komissiyalar onların rus dilində biliklərini yoxlayacaq, əgər həqiqətən də o uşaqlar rus dilində danışa bilirsə, onlara rus bölməsini seçə bilmək imkanı veriləcək. Bu komissiyanın nə qədər şəffaf olacağı ayrı bir müzakirə mövzusudur. Amma bu proses çox ciddi fəsadlar yaradacaq.
Keçən il 15 032 şagird rus bölmələrində təhsil almaq hüququ qazanıb. Yəni 4500 məktəbin birinci sinfində bu qədər yer var. Bundan sonra sistemdə yer yox idi. İndi birdən 50 min valideyn müraciət edib təsdiq alsa, 50 min şagird 15 min yerə necə yerləşdiriləcək? Hansı faktora üstünlük veriləcək? Təhsil Nazirliyində qohumu, dostu, tanışı işləməsi meyarı əsas götürüləcək? Yaxud da sorğu-sual mərhələsindən cəmi 10 min uşaq müsbət rəy alsa, 15 min yerin 5000-i boş qalacaq və o zaman da rus bölməsində dərs deyən müəllimlərin bir qismi işini itirməli olacaq. Həmçinin müsahibədən keçən uşaqlar üçün məktəblərdə boş yer qalmaya bilər. Çünki müsahibələr müxtəlif tarixlərdə olacaq. Bəzi uşaqlar ayın əvvəli, bəzisi isə sonu müsahibəyə dəvət olunur. Bu zaman müsahibədən keçməsinə baxmayaraq onlar rus bölməsində təhsil ala bilməyəcəklər. Çünki yerlər daha əvvəlki tarixdə müsahibədən keçənlər tərəfindən dolacaq.
Rus bölməsi üzrə məktəbə hazırlıq qruplarında oxuyanların avtomatik yerləşdirilməsi ilə bağlı da bənzər problemlər çıxacaq. Qısası, Təhsil Nazirliyi qanunvericilik aktlarını ciddi şəkildə pozaraq uşaqların təhsil almaq hüququnu tamamilə əlindən alır”.