Təhsilin dəstəyinə ehtiyac var! – “Kibertəhlükəsizlik dərsləri keçirilsin”

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahid Ələkbərov Bakıda keçirilən “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə kibertəhlükəsizliyə dair dərslər haqqında danışıb. O, bildirib ki, bir sıra ölkələrdə hətta uşaq bağçalarında kibertəhlükəsizlik dərsləri keçirilir.

“ Biz bu sahədə əməkdaşlıqda maraqlıyıq. Qısamüddətli inkişaf proqramları, həmçinin professional inkişaf proqramları üzrə özəl sektorla əməkdaşlıq bizim üçün maraqlı məqamdır. Təhsil sənayesinin əmək bazarının tələbələrinə uyğunluğu çox vacibdir. Təhsil sənayesi ilə əməkdaşlıqda biz görürük ki, çoxlu mütəxəssislərə ehtiyac var, amma məzunların çoxu iş axtarır”, - deyə o qeyd edib.

Təklifə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov “Sherg.az”a açıqlaması zamanı bildirib ki, kibertəhlükəsizliklə bağlı Azərbaycanda bu günə qədər bir neçə qanun qəbul olunub:

“Eyni zamanda, prezident bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Sırf kibertəhlükəsizlik sözü olmasa belə, uşaqların və yeniyetmələrin internet təhlükəsizliyinin təminatı ilə bağlı sərəncam imzalanılıb. İki il öncə həmin sərəncama müvafiq dəyişikliklər, əlavə olunub. 

Həmin əlavələrdə qeyd olunurdu ki, uşaqların və yeniyetmələrin internet təhlükəsizliyinin təminatı ilə birbaşa aidiyyəti qurum  və qurumlar məşğul olmalıdır. Təbii ki, burada ən ali qurum Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Nazirlik də müvafiq addımlar atır, müəyyən maarifləndirmə tədbirlər həyata keçirir.

 Eyni zamanda  qeyri-hökümət təşkilatları da bu istiqamətdə müvafiq layihələr həyata keçirirlər. Ancaq bütün bunlar hamısı cəmiyyətdə bu problemin aradan qaldırılmasına bilavasitə müəyyən mənada kömək edir. 

Yəni, problemin köklü şəkildə həll olunması üçün mütləq şəkildə təhsilin dəstəyinə ehtiyac var. Elementar nümunə götürək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kibertəhlükəsizliklə bağlı xüsusi proqramlar qəbul olunub. Bu proqramlar həm orta, həm də təhsil müəssisələrində tədris olunur. 

Eyni zamanda məktəbəqədər təhsil ocaqlarında belə, yaş həddinə uyğun olaraq, ilkin stimullaşdırıcı simulyasiya tipli mobil tətbiqlər hazırlanır. Həmin tətbiqlər uşaqların, yeniyetmələrin təhlükəsizliyinin təminatının nə qədər vacib olduğunu göstərir”.

S.Abbasov hesab edir ki, təşkilat tərəfindən irəli sürülən bu təklif yaxşı təklif olsa da, gecikmiş təklifdir:

“Çünki bu kibertəhlükəsizliyin tədris proqramına salınması illər öncə baş tutmalı idi. Çox təəssüflər olsun ki, bu və ya digər səbəblərdən aidiyyəti qurumların sistematik fəaliyyətsizliyinə görə,  bu sahədə ciddi boşluq yaranıb. Bu boşluğun fəsadlarını bu gün görürük.

 Düşünürəm ki, təhsil proqramına tətbiq olunarsa, effektiv nəticə əldə etmək mümkündür.  Amma istənilə halda, dünya texnologiya dünyasıdır. Günü-gündən bu sahədə yeniliklərin şahidi oluruq. Biz bu reallıqla ayaqlaşmağı bacarmalıyıq”.

Ekspertin fikrincə, təklif aktual və yerində səslənən təklifdir:

“Təklifi görmüşəm və bəyənirəm. Bu proses ağır prosesdir. Bu asan başa gəlməyəcək. Çünki illərdir qəbul olunan təhsil proqramları var. Həmin proqramlar da müıyyən redaktələr olunmalıdır. Eyni zamanda bura cəlb olunacaq mütəxəsislərin öz peşəkarlıq səviyyəsi  yüksək olmalısı ilə bağlı müxtəlif  attestasiya keçirilməlidir. 

Düşünürəm ki, yalnız bundan sonra bu sahədə ciddi irəliləyiş əldə etmək olar. Birmənalı şəkildə bu təklifi dəstəkləmək lazımdır”.