Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir.
Təhsil Nazirliyi ali məktəblərdə yekun dövlət imtahanının ləğvi ilə bağlı təkliflərə münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, bu məsələ müvafiq normativ aktlarla tənzimlənir. “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib:
“Sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib.
Xatırladaq ki, pandemiya ilə əlaqədar iki il ali təhsil müəssisələrində dövlət imtahanı ləğv edilib.
Məsələ barədə "Sherg.az"a danışan təhsil üzrə mütəxəssis Nadir İsrafilovun fikirlərinə görə, dövlət imtahanın ləğvi məsələsini gündəmə gətirmək doğru deyil:
"Tələbə müəyyən müddət ərzində universitet oxuyur. Necə oxuyub, dərslər necə keçib, nə qazanıbsa, yoxlanılmalıdır. Yəni tələbə başa vurduğu mərhələnin hesabatını verməlidir.
Azərbaycan Dillər Universitetinin rektorluğu məsələ qaldırmışdı ki, dövlət imtahanı ləğv olunsun, əvəzində tələbələr hesabat hazırlasınlar. Bu da narazılıqla qarşılandığı üçün gerçəkləşmədi. Tələbə 4-5 il bakalavrda oxuyubsa, nə hesabat verəcək? “Kitabxanaya getdim, filan kitabı oxudum, bufetdə oturdum” ".
Təhsil ekspertinin qənaətincə, tələbəyə müəyyən güzəştlər edilməlidir:
"Dövlət imtahanı keçirilməlidir. Pandemiyaya görə, dərslər distant oldu. Onlayn dərslər istənilən effekti vermədiyi üçün tələbələr müraciət ünvanladılar. Prosesə uyğun dövlət imtahanının ləğvini nəzərə almaq mümkün idi.
Prezident də, Nazirlik də dəfələrlə bildirib ki, pandemiya şəraitində yaşananlar təhsil alanların xeyrinə hesablanmalıdır. Dövlət imtahanları yaxınılaşır deyə, tələbələr müəyyən narahatlıq duyurlar. Amma dövlət imtahanının ləğvini məqbul saymıram. Dövlət imtahanını ləğv ediriksə, qəbul imtahanı nəyə lazımdır? Həm şagird, həm də tələbə nailiyyətlərinin yekun attestatiyası deyilən bir anlayış var. Tələbənin oxuduğu dövrdəki fəaliyyəti qiymətləndirilməlidir.
İndi müxtəlif elanlar qarşımıza çıxır:
" "X” universitetinə attestatsız qəbul". Xarici təsirlər nəzərə çarpır. İmtahanlar ağır keçirilir, sadələşdirilməlidir. Lakin imtahanın ləğvindən söhbət gedə bilməz. Biz buna hazır deyilik. Bu gün üçün dövlət imtahanlarının ləğvi aktual sayılmamalıdır".