Məktəblərdə akademik səviyyəyə çatdırılan dərs yükünün azaldılması məsələsi gündəmdədir. Təhsil naziri Emin Əmrullayev valideynlərin fənlərin çoxluğundan şikayət etdiklərini bildirib. Nazir qeyd edib ki, onların şikayətlərini haqlı hesab edir:
“Çünki şagirdlər yüklənir. Onlar üçün lazımlı fənlər saxlanmalıdır”.
Qeyd edək ki, doğrudan da, dolanbac xarakterli materiallar şagirdlərin beynini "dondurur".
"Gecələr qısa, dərslərim ağır .
İçmişəm kofe, gözlərim axır.
Önümdə kitab üzümə baxır.
Tələbə fağır, tələbə fağır".
Yuxarıdakı misra hər imtahan ərəfəsi məktəblinin, tələbənin sosial şəbəkədə paylaşdığı statusdur. Xaricdə nə dərsliklər bu qədər mürəkkəb yazılır, nə də şagirdlər dərs vəsaitindən əlavə kitablarla yüklənir.
"Fağır məktəblilər"in yaxın zamanda dərdinə çarə tapılacağı gözlənilir...
Məktəblərdə dərs yükünün azaldılması ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Kamran Əsədovun fikirlərinə əsasən, tam orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı hazırda 14-dür. Əsas fənlər üzrə sayı 9 - a endirilməsi bildirilir:
"Təmayüllər üzrə isə Humanitar (Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Xarici dil), Texniki (Riyaziyyat, İnformatika, Fizika), Təbiət elmləri (Fizika, Kimya, Coğrafiya, Biologiya) və digər istiqamətlərdə də fənlərin sayının azaldılması söylənilir. Gələcəkdə fənlərin sayının azaldılması təhsil alanların elmə marağının artmasına və öyrənmə meyillərinin inkişafına şərait yaradacaq.
Bütün ölkələrin orta məktəblərində də belə tendensiya gedir. Dünya təcrübəsindən görürük ki, 8-ci sinifdə rtıq şagirdlərin maraqları müəyyənləşir. Uşaqlar dil seçimini də özləri aparır. 8-ci siniflərdə şagirdlərə fənn seçiminin verilməsini dəstəkləyirəm. Amma bunun son qərar sayılmasını dəstəkləmirəm. Yəni bir məktəblinin 8-ci sinifdə humanitar sahəni seçməsi mümkündür, lakin 2 il sonra «dəyişmək istəyirəm» deyə bilər. Ona seçim dəyişmək imkanı verilməlidir. Bəzən 8-ci sinifdə verilən qərar həyati əhəmiyyətli kimi qəbul olunur və şagirdlərə sahələri dəyişmək fürsəti verilmir. Tamamilə yanlışdır".
Təhsil ekspertinin qənaətincə, ali məktəblərdə də tələbənin ixtisasına uyğunsuz çoxlu sayda fənlər mövcuddur:
"Əslində, hər bir fənn ayrılıqda çox lazımlıdır, sadəcə, tələbənin oxuduğu ixtisasa uyğun gəlməlidir.
Ümumi intellektual biliyə sahib olmağın yanında ixtisaslaşma, müəyyən sahələrə yönəlmə və digər sahələrə üz çevirmə artıq qaçılmaz bir durumdur. Amma ölkə üçün vacib fənlər də var: "Azərbaycan tarixi", "Azərbaycan dili" və "Riyaziyyat". Bunlar orta məktəbin sonuncu sinfinə qədər bütün şagirdlərə məcburi keçirilir və keçirilməlidir.
Praktikada düzgün tətbiqi üçün ehtiyatlı davranmaq lazımdır. Bəzən müəyyən yaxşı islahat ideya kimi irəli sürülür, ancaq praktikada yanlış tətbiqlərlə qarşılaşır. Məsələn, təmayüllü siniflər meydana gəldi. Şagirdlərin sırf lazımsız fənlərdən qurtulmasından ötrü təmayüllü siniflər yaradıldı. Ancaq praktikada necə oldu? Məktəb rəhbərləri təmayüllü və təmayülsüz sinifləri görüb bəzən şagirdləri ixtisas qruplarınndan fərqli təmayül siniflərinə yönəltdilər. Halbuki o, həmin ixtisas qrupunu seçməyib.
Təmayülsüz siniflərə isə dəcəl, məktəbdə ab-havanı pozan şagirdləri yerləşdirərək, onları sanki çıxdaş elədilər. Təhsil Nazirliyinin deyil, məhz məktəb direktorlarının atdıqları addımdır. Ona görə də, hər bir islahat planı məktəblərdə fəlsəfəsinə və məqsədinə uyğun tətbiq edilməlidir".