Təhsilin imicinə ZƏRBƏ...

“Son günlərdə Azərbaycanın bəzi ali təhsil müəssisələrində xoşagəlməz hadisələr yaşanır. Bununla bağlı mövqeyim birmənalı olaraq neqativdir. Bu kimi hallar təhsilə yaraşmayan hərəkətləridir. Biz uzun müddətdir ki, bu kimi zərərli halların nəticələrini görürük. Düşünürəm ki, hələ uzun illər də görəcəyik”.
Bu barədə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Sherg.az”a açıqlamasında deyib. O, təhsil sektorundakı rüşvət və korrupsiya halları haqqında danışarkən qeyd edib ki, birmənalı olaraq təhsil ocaqlarında rüşvət olmamalıdır:

“Bir neçə gün öncə Bakı Dövlət Universitetinin müəlliminin rüşvət tələbi ilə bağlı səs yazısını ürək ağrısı ilə dinlədim. Daha sonra prosesləri izləyərkən məlum oldu ki, həmin şəxs universitetdən xaric olunub. Amma iş bununla bitmir. Düşünürəm ki, ali təhsil ocaqlarının rəhbərləri belə hallarla mübarizədə hər zaman qətiyyətli olmalıdır. Deməli, bu yöndə boşluqlar olub ki, belə hallar baş verib. Ayrı-ayrı universitetlərdə bu kimi xoşagəlməz halların olması ilə bağlı fikirlər eşidirik.
Mən ali təhsil müəssisələrimizi bu cür işlərin məkanı kimi görmək istəmirəm. Bu müəssisələrimizi inkişafımızın bütövlükdə fövqündə duran qurumlar kimi istəyirəm. Bu baxımdan hesab edirəm ki, təkcə həmin müəllimin azad olunması ilə iş bitmir. Məsələ aiddiyyəti qurumlar tərəfindən araşdırılmalıdır”.

İ.Orucov Təhsil Nazirliyinin bu məsələlərdəki mövqeyinə toxunub. O, bildirib ki, Ali təhsil müəssisələrinin bir qədər sərbəstliyi olduğuna görə, Təhsil Nazirliyi onların fəaliyyətlərinə çox müdaxilə edə bilmir:

“Amma hesab edirəm ki, Təhsil Nazirliyi və Nazirliyin rəhbərliyi bu məsələ ilə bağlı ciddi araşdırmalara başlamalıdır. O müəllim belə təklif irəli sürürsə, deməli, indiyə qədər bu fəaliyyətlə məşğul olub. Aydınlaşdırılmalıdır ki, həmin müəllim bu günə qədər işini necə davam etdirib.

Mən Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olandan bəri prosesləri daha yaxından izləyirəm. Təhsil Nazirliyində bu cür məsələlərə qarşı barışmaz mövqe mövcuddur. Düşünmürəm ki, belə hallarda nazirliyin adı hallana bilər. Bu baxımdan nazirlik də davamlı olaraq, bu işin üzərinə getməlidir. Araşdırmalardan sonra mütləq şəkildə bütün aidiyyəti şəxslər cəzalandırılmaldır. Bu cəza o qədər sərt olmalıdır ki, digər ali təhsil müəssisələrinə də nümunə olsun”.

Sədrin sözlərinə görə, rüşvət və korrupsiya təhsilə birbaşa zərbə vuran amillərdir və qarşısı alınmalıdır: 

“Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq,  postmüharibə reallığından söhbət açırıq. Qalib dövlətə, qalib xalqa bu kimi neqativ fəaliyyətlər təbii ki, yaraşmır. Ölkə başçısı İlham Əliyevin də korrupsiyaya qarşı mübarizə tədbirləri davamlı və ardıcıldır. Aidiyyəti qurumlar da bununla bağlı sistemli fəaliyyət göstərirlər. Zənnimcə, rüşvət birinci növbədə təhsildə olmamalıdır. Ən şəffaf sahə təhsil olmalıdır. Çünki bütün sahələrin inkişafı təhsildən keçir. Təkcə, ali təhsil ocaqlarında yox, ümumiyyətlə bütün təhsil sektorunda bu kimi xoşa gəlməz iddiaların, halların olması birmənalı olaraq qəbul edilməzdir. Mən deməzdim ki, rüşvət hallarında kütləvilik var. 

Amma təəssüf ki, bu kimi hallarla qarşılaşırıq. Ali təhsil məktəblərimizin də siması əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Lakin fonda yenə  də bu cür qanunsuzluqların olması birbaşa təhsilin imicinə zərbə vurur”.