Çünki valideynlərin çoxu qız övladlarının yanında olmasını istəyir
Son illər övladlarının xaricdə təhsil almasına can atan valideynlərin sayı daha da çoxalıb. Çünki xaricdə təhsilin keyfiyyəti, eyni zamanda uşaqları üçün yeni imkanların açılacağına inam onlarda belə bir arzunun yaranmasına səbəb olub. Amma o da müşahidə edilir ki, xaricdə oxumaq istəyənlər arasında daha çox oğlanlar üstünlük təşkil edir.
2022-2023-cü tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq 229 gəncin 67 faizini kişilər təşkil edir. Bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Dövlət Proqramları çərçivəsində xaricdə təhsil mövzusunda brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, qalan 33 faizini isə qadınlar təşkil edir:
"Dövlət Proqramının illik hədəf göstəricisində 400 yer nəzərdə tutulub. Bunlardan 80 yer bakalavriat səviyyəsi, 320 yer isə magistratura səviyyəsi üzrədir. Bakalavriat üzrə yerlər dolduğu üçün magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinə 10-25 avqustda yenidən sənəd qəbulu elan olunub".
Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev bildirib ki, əcnəbi universitetlərdə oxumaq istəyən qızların çoxu əyani təhsilə üstünlük verirlər. Qiyabi təhsil alanlar daha çox müəyyən qurumlarda çalışan xanımlardır: “Xaricdə təhsil almaq üçün daha çox xanımlar müraciət edir. Lakin buna baxmayaraq xaricdə təhsildə oğlanlar daha çox üstünlük təşkil edir. Fikrimcə, xaricdə təhsil alan qızların az olması birbaşa ölkədəki vəziyyətlə bağlıdır. Valideynlərin çoxu qız övladlarının yanında olmasını istəyir. Məhz buna görə də valideynlər qız övladlarının Azərbaycanda təhsil almasına üstünlük verirlər. Xaricdə təhsil alan xanımlar isə ən çox Türkiyə, İtaliya, Almaniya kimi ölkələrə üstünlük verirlər”.
“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova “Şərq”ə açıqlamasında deyib ki, açıqlanan bu statistika təsadüfi deyil. Xaricdə təhsil almaq üçün müraciət edən gənclərin real göstəricisidir:
"Hamımız bilirik ki, hansı ailənin övladını xaricdə oxutmaq imkanı varsa, bu hüquqdan daha çox oğlan uşaqları yararlanır. Bu nə Təhsil Nazirliyinin, nə də hər hansı bir dövlət qurumunun seçimidir. Xaricdə təhsil alan gənclər arasında qız uşaqlarının sayının az olması birbaşa valideynlərin yanaşması ilə bağlıdır. Bizdən olsa, qızların xaricdə təhsil almasına daha çox şərait yaradarıq. Gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Eyni zamanda, qadın və kişilərin bərabər təhsil almaları ölkədə hüquq bərabərliyinin fundamental əsaslarından biridir. Və faiz nisbətinin bu qədər çox olması o demək deyil ki, qızların bilik və bacarığı xaricdə təhsil almağa imkan vermir. Əksinə, kifayət qədər savadlı və ən yüksək reytinqli universitetlərdə oxumağa layiq qızlarımız çoxdur. Amma əksər valideynlər qız uşaqlarının xaricdə təhsil almasına müsbət yanaşmır, hətta bir çoxları buna birmənalı əngəl törədir. Bəzən deyirlər texniki elmlərdə oğlanlar daha çox uğur qazanır. Qızlar humanitar sahələr üzrə daha çox bacarıqlıdı. Halbuki, bu, istedadla bağlı bir şey deyil. Cəmiyyətin oğlan və qız uşaqları arasındakı ayrıseçkiliyidir. Belə bir araşdırma yoxdur ki, qız uşaqlarının bu fənlər üzrə bilik və bacarıqları yetəri səviyyədə deyil. Qızların daha çox humanitar fənlərə yönəlməsi aldığımız tərbiyə və davranış qaydalarımızdan irəli gəlir. Düzdür, 90-cı illərlə müqayisədə müsbət tendensiyalar var. Amma hələ də “qızlar ancaq həkim və müəllim olmalıdır” kimi düşünən insanlara rast gəlmək olar”.
G.Səfərovanın sözlərinə görə, xaricdə təhsil alan qızların sayının az olmasından daha böyük problem onların təhsildən yayındırılmasıdır:
“Qızlar orta məktəbi bitirsələr də davamlılıq itir, orta məktəbi bitirən kimi ailə qurmağa məcbur edilən qızlar ali təhsil almaq imkanlarından məhrum edilir. Nəinki ucqar rayonlarda, Bakı kəndlərində qız uşaqlarının oxumasına qarşı çıxan yüzlərlə ailələr var. Bununla bağlı mütləq qanunvericiliyə dəyişiklik edilməli və qız uşaqlarını təhsildən yayındıran ailələr üçün cəzalar artırılmalıdır. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Bu təkcə sırf təhsil məsələsi olmayıb bir sıra mədəni və mənəvi aspektlərə sıx bağlı bir məsələdir. Bir halda ki, ali təhsilin hamı üçün əlçatan olmasını hədəfləmişik, deməli, hər bir yeniyetmə və gəncimizin, xüsusilə də qızlarımızın tam orta təhsilini başa vurmasının, heç olmasa, ümumi icbari təhsildən kənar qalmamasının da qayğısına qalmalıyıq. Bir neçə valideyn cəzalandırılsa, digəri də baxıb nəticə çıxaracaq. Əks halda cəzasızlıq hökm sürdükcə, qız uşaqlarının oxumasına əngəl törədən amillər də artacaq. Siz xaricdə təhsil alan oğlanların sayının qızlardan çox olmasını problem kimi görürsünüz, mənim üçün isə 33 faiz sevindirici bir nəticədir. Qızların ali təhsil alması ölkə daxilində belə mübahisə doğurursa, bu qədər gəncin xaricdə təhsil almaq imkanına sahib olması sevindirici haldır”.
Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, xaricdə təhsil alan tələbələr arasında oğlanların üstünlük təşkil etməsinin əsas səbəbi oğlanların imtahan nəticələrinin daha yüksək olması ilə bağlıdır:
“Təbii ki, mentalitetin də təsiri var. Valideynlərin əksəriyyəti qız uşaqlarının xaricdə təhsil almasının tərəfdarı deyillər. Bu da birbaşa statistikaya öz təsirini göstərir. Valideynlər düşünür ki, qız uşaqları qərib ölkədə rastlaşacaqları çətinliyin öhdəsindən gələ bilməz, problemlər qarşısında aciz qalıb çətinlik çəkər. Oğlan uşaqları isə bir yolla qarşısına çıxan problemləri aşacaq.
Bu mənada valideynləri qınamıram, onları da anlamaq lazımdır. Qızlarının həyatı və gələcəyi üçün narahat olduqlarından onları yad ölkəyə göndərmək istəmir”.