Elçin Əfəndi: "Tibb üzrə yeni bir ali təhsil müəssisəsi yaradılmalıdır"
Bu il 4-cü ixtisas qrupunda maksimum nəticə göstərən Nigar Ağazadə ixtisas seçimi edərkən Azərbaycan universitetlərini yox, Türkiyənin Ankara Universitetini seçib. N.Ağazadə adıçəkilən universitetin tibb fakültəsinə qəbul olub. Bu isə yüksək bal toplayan abituriyentlərin niyə xarici universitetləri seçmə məsələsini gündəmə gətirib. Ekspertlər 700 bal yığan tələbələrin ölkəni tərk etməsindən gileylənir və yüksək bal yığan tələbələrin xarici təhsilə üstünlük verməsini ciddi problem hesab edirlər.
Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, bu, yeni bir şey deyil. Artıq neçə ildir, 600 baldan yuxarı nəticə göstərən gənclərin çoxu xarici universitetlərə üstünlük verir: "Onlar düşünürlər ki, seçdikləri müvafiq ixtisaslar üzrə xarici ölkə universitetlərində daha yaxşı təhsil ala bilərlər. Azərbaycanda tibb sahəsi üzrə 1 ali təhsil müəssisəsi mövcuddur. Həmin universitetdə təhsilin keyfiyyəti gəncləri qane etmədiyindən onlar yüksək tibb təhsili almaq üçün xaricə üz tuturlar. Hesab edirəm ki, ölkədə yüksək ixtisaslı tibbi kadrların yetişməsi üçün müvafiq tədbirlər həyata keçirilməli, tibb üzrə yeni bir ali təhsil müəssisəsi yaradılmalıdır. Belə olan halda rəqabət yaranacaq və hansı universitet daha yaxşı təhsil verəcəksə, tələbələr də oranı seçəcək. Bu, tibb təhsili almaq üçün xaricə üz tutanların sayını azaldar”.