Azərbaycanda ilk: Beynəlxalq Maarif Məktəbləri açılır - Nə vəd edir?

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması
Beynəlxalq təhsilə geniş pəncərə:
Bu təhsil ocağının məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad edilirlər
"Çox yaxşı, müsbət haldır ki, bu məktəblərin Azərbaycanda fəaliyyətinə “yaşıl işıq” yandırılıb. Bu məktəblər Azərbaycan təhsilinə yenilik və rəngarənglik gətirəcək"
  Yeni tədris ilindən etibarən Beynəlxalq Maarif Məktəbləri ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Bununla bağlı keçirilən brifinqdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, yeni açılacaq məktəb iki ölkə arasındakı əlaqələrin, qardaşlığın dərinləşməsinə öz töhfəsini vermiş olacaq. Səfir xatırladıb ki, Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi və 50 000-ə yaxın şagird təhsil alır: “Türkiyə dövlətinin təhsillə bağlı təcrübəsini daim başqa ölkələrlə paylaşmaq niyyətindəyik. İnanırıq ki, bu məktəb də digər təhsil müəssisələrimiz kimi öz sözünü deyə biləcək. Yaxın gələcəkdə bu təhsil ocağı ən yaxşı məktəblərdən olacaq. Artıq məktəbə şagird qəbulu üçün qeydiyyat da başlayıb". Bildirilib ki, yaxın günlərdə rəsmi açılışı olacaq 9 000 kvadratmetrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”ndə (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək. Təhsil müəssisəsində Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunacaq. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunacaq. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur. Qeyd edək ki, Türkiyə Maarif Vəqfi 17.06.2016-cı ildə TBMM tərəfindən 6721 saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisələri açılması səlahiyyətinə malik dövlət qurumudur. Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətlərindən biri də şagirdlərə vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını, insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirməkdən ibarətdir.
Təhsil eksperti, fəlsəfə doktoru Rafiq İsmayılov “Sherg.az"a açıqlamasında Beynəlxalq Maarif Məktəblərinin Azərbaycanda fəaliyyətə başlamasını müsbət dəyərləndirdi:
" Məlumdur ki, Türkiyə təhsili qabaqcıldır, müasir dünya trendləri ilə ayaqlaşır. Ümumiyyətlə, Türkiyədə təhsil sistemi çox yaxşı qurulub. Açılacaq yeni məktəblərdə təlim-tədris proqramına hazırda dünya üzrə ən çox tələbat olan fənlərə üstünlük verilməsi də bunu göstərir. STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin mənimsənilməsinə üstünlük veriləcək. Dərslər Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək. Sonrakı mərhələdə Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı da imtahanlara uyğun proqramlar da təşkil olunacaq. Dərslər IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun keçiriləcək. Bu, şagirdlərə əlavə üstünlüklər verir. Məsələn, türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Bundan başqa “Maarif” məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad edilirlər. Bunlar hamısı Azərbaycan təhsilinin, azərbaycanlı balaların əvvəlcə yüksək səviyyəli ibtidai, sonra orta, daha sonra ali təhsil almaları üçün böyük imkandır. Hazırda dünyada öndə gedən ixtisaslar robotik kodlama, proqramlaşdırmadır. Sözsüz ki, Beynəlxalq Maarif Məktəbləri də bunu nəzərə alaraq Azərbaycana gəlir. Çox yaxşı, müsbət haldır ki, bu məktəblərin Azərbaycanda fəaliyyətinə “yaşıl işıq” yandırılıb. Bu məktəblər Azərbaycan təhsilinə yenilik və rəngarənglik gətirəcək. Təhsil belə də olmalıdır: rəngarəng və daim yenilənən. Çünki həyat bir yerdə dayanmır, daim hərəkətdədir, daim təzələnir, yenilənir. Hazırda dünya universitetlərində bilik yox, bacarıqlar yoxlanır. Xarici dil bilirsənmi, işini planlaşdırma qabiliyyətin necədir, işini necə avtomatlaşdırırsan, alqoritmik təfəkkürün necədir, kodlaşdıra bilirsənmi, texnoloji biliklərin hansı səviyyədədir...

 Robotik kodlaşdırma, bir növ proqramlaşdırmanın əsasıdır. Dünya universitetlərində hesab edirlər ki, bunları bilən insan digər fənləri onsuz da mənimsəyə biləcək. Əsas texnoloji biliklərə, insan nə dərəcədə yaradıcıdır, ona diqqət yetirilir və süni intellektə üstünlük verilir. Əvvəllər İstanbulda az qala hər addımda ingilis, fransız dili kursları önünə çıxardı. İndi isə kodlaşdırma kursları açılır. Müasirliklə ayaqlaşmaq mütləqdir. Gərək geri qalmayasan. Ümid edirəm ki, Beynəlxalq Maarif Məktəblərinin ölkəmizdə fəaliyyətə başlaması ilə Azərbaycan təhsili də dünya təhsilinə güclü bir şəkildə inteqrasiya edəcək. Bizim təhsilimiz də dünya təhsil sistemi ilə ayaqlaşacaq. Bu, bizim üçün böyük üstünlükdür. Gənclərin dünyanın qabaqcıl ali məktəblərinə yolu açılacaq. Nəticədə ölkəmiz müasir biliklərə yiyələnmiş istedadlı kadrlar əldə edəcək".