Gürcüstanda Azərbaycandilli məktəbləri barmaqla saymaq olar

Rafiq İsmayılov: "Bu çox təhlükəli haldır, dövlət səviyyəsində iş görülməlidir"

  İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Gürcüstandakı Azərbaycandilli məktəblərin düşdüyü acınacaqlı vəziyyət barədə sosial şəbəkədə paylaşım edib: “Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı həm ilbəil azalır, həm də ki, müxtəlif səpkili problemləri artır. Təəssüflər olsun ki, bir çox məktəblərdə məktəb direktorları Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs saatlarını 5 saatdan 3 saata kimi azaltmağı planlaşdırırlar (artıq edənlər də var). Milli məktəblərimiz kütləvi surətdə bağlanaraq sayı 183-dən (1989-cu il) 116-ya  (2022-ci il) qədər azalıb. 116 məktəbdən 79-u Azərbaycan, yerdə qalanı isə sektor, qarışıq məktəblərdir (Azərbaycan-gürcü; Azərbaycan-rus və s.). 

Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə görə, əgər milli azlıq nümayəndələri gürcü və ya sektor məktəblərində təhsil alırlarsa, məktəb onlara ana dili üzrə fənnin tədris edilməsi təklifini irəli sürmək hüququna malikdir. Belə olan halda 1 qrupda şagirdlərin sayı minimum 10 nəfər olmalıdır. Məsələn, tutaq ki, “A” ictimai məktəbi əvvəllər ancaq Azərbaycandilli məktəb idisə, sonradan bu məktəbdə əlavə olaraq gürcü sektoru açmaqla Azərbaycan-gürcü sektoru yaratdılar. Məktəbin tam səlahiyyəti var ki, gürcü sektorunda təhsil alan azərbaycanlı şagirdlər üçün Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etsin. Bizim bəzi direktorlar (və ya direktoru əvəz edənlər) isə öz hüquqlarından istifadə edib gürcü və rus sektorlarında Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etmək əvəzinə, əksinə, Azərbaycan məktəblərində, eləcə də Azərbaycandilli şöbələrdə daha da dərs saatını azaltmağa çalışırlar... Adamda vicdan yaxşı şeydir…”

  Qaldırılan problem barədə “Şərq”ə rəyini bildirən professor Rafiq İsmayılov vəziyyətin bu həddə çatmasının bir neçə səbəbi olduğunu dedi: 

- Əvvəla, belə məsələlər dövlətlərarası razılaşmalar əsasında həll olunur. Azərbaycanda da gürcüdilli məktəblər var və Azərbaycan dövləti bu məktəbləri hər cür dərs ləvazimatları ilə təmin edir. Dərsliklər tərcümə edilir, məktəblərə çatdırılır. Gürcüstanda Azərbaycandilli məktəblərin sayının azalması, təbii ki, mənfi haldır.

 Amma vəziyyəti o həddə gətirib çıxarırlar ki, Gürcüstan dövləti ərazisində yaşayan soydaşlarımız məcbur olub gürcü dilində, ya da rus dilində təhsili seçir. Çünki tələbat bu dildə təhsil alanlaradır. İşlə təmin olunmaq üçün dövlət dili – gürcü dilini bilmək tələb olunur, soydaşlarımız da məcburdur bu dili öyrənsin, ali məktəblərə daxil olmaq üçün gürcü dilində təhsil alsın. Digər tərəfdən, ana dili – Azərbaycan dilində tədris resursları da zəifdir, azdır. 

Soydaşlarımız da görür ki, ana dilində təhsilə üstünlük versələr, tədris resurslarına çıxışları olmayacaq, lazımi bilikləri əldə edə bilməyəcəklər. Elə bizim özümüzdə də rusdilli, ingilisdilli tədris resursları Azərbaycandilli resurslara nisbətən azdır. Valideyn istəyir ki, övladı ana dilində təhsil alsın, amma müqayisə etdikdə, qeyri-Azərbaycan dilli tədris resurlarının daha geniş olduğunu, daha əhatəli bilik verdiyini görür və o dildə təhsili seçir. Yəni biz qınamaqdansa, aparılan işin həcminə, keyfiyyətinə baxmalıyıq. Gürcüstanda olduğu kimi, Azərbaycanda da ilk növbədə keyfiyyətli təhsil, tədris resurslarının əlçatanlığını tələb etməliyik. 

Günahlandırmaq asandır, amma səbəblərə göz gəzdirməliyik. İnanmıram ki, Gürcüstandakı Azərbaycan məktəblərinin direktorları Azərbaycan dili və ədəbiyyatı fənninin dərs saatlarını özbaşına azaltsınlar.

 Bu, təhsil şöbələrindən, aparılan dərs bölgüsündən asılıdır. Dərs bölgüsü necə tərtib edilirsə, tədris ili boyunca elə də davam edir. Əlbəttə,  bu, xoşagəlməz, təhlükəli haldır, lakin bununla bağlı dövlət səviyyəsində iş görülməlidir.