AzEdu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzinin ortaq məhsulu olan “İnformatika bələdçisi” kitablar toplusunun müzakirəsi keçirilib. Müzakirədə kitabın faydalılıq və abituriyentlər üçün zəruriliyi, eləcə də əlavə təkliflər səsləndirilib.
Dəyirmi masa formatında təşkil edilən müzakirədə bununla yanaşı, ölkə ümumtəhsil məktəblərində informatika fənninin tədrisi zamanı yol verilən boşluqlar, bu istiqamətdəki ciddi dərslik problemləri, eləcə də bir çox məsələlər müzakirə edilib.
Görüşdə kitabın müəllifləri informatika sahəsində tanınmış mentor və müəllimlər-Tural Sofuyev, Fərid Fərəcli, Səadət Məhərrəmova və Gülnur Tanrıverdi, həmçinin “İlin gənc müəllimi-2021”in qalibi, informatika müəllimi, “Rəqəmsal bacarıqlar” layihəsinin baş müəllimi Elvin Səlimov, tanınmış təlimçi, BDU-nun kompüter mühəndisliyi ixtisası üzrə dərs deyən müəllim Yadigar Əliyev, qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi, AzEdu Təhsil Portalının baş direktoru Elşad Eyvazlı iştirak ediblər.
Müzakirəni AzEdu Təhsil Portalının baş direktoru Elşad Eyvazlı açıq elan edib. O, qonaqları salamladıqdan sonra, həftə ərzində sərhəddə yaşanan olaylar, şəhidlərimizlə bağlı təəssüf və başsağlığını bildirib. E.Eyvazlı daha sonra orta ümumtəhsil müəssisələrində İnformatika fənninin uzun müddət formal şəkildə tədrisinə toxunmaqla, predmetin cari ildən I ixtisas qrupuna əlavə edilməsinin bu istiqamətdə irəliləyişə səbəb olacağını bildirib:
“Müasir dövrün əsas tələbi olan İnformatika əsasən son saatlara salınır və az qala, fiziki tərbiyə fənni ilə bir tutulurdu. Şagirdlər “idman” dərsində olduğu kimi İnformatika fənninin tədris olunduğu son saatlarda da çox vaxt evə gedirdilər. Lakin İnformatika artıq I ixtisas qrupuna əlavə edilib. Gələcəkdə digər ixtisas qruplarına da əlavəsi gözlənilir”.
“Bəs, bu məqamda fənnin tədrisi istiqamətində başqa hansı çatışmazlıqlar var? Dərslik, zəruri vəsait problemi necə həll olunmalıdır?” -sualı ilə müzakirələrə start verilib. Görüş zamanı kitabın müəllifləri və digər qonaqlar özündə bir neçə yeniliyi və abituriyentlər üçün çox vacib məqamları əks etdirən toplu ilə bağlı fikirlərini bölüşüblər.
Toplunun müəlliflər heyətinin rəhbəri - İT mütəxəssisi, İnformatika müəllimi Tural Sofuyev kitabın əsas özəlliyinə diqqət çəkib:
“Kitabın fərqli və öyrənməyə yardımçı olan tərəflərindən biri də QR kodlardır. Bu funksiya bir növ elektron cavab kartı kimidir. Abituriyent testləri işlədikdən sonra cavab kartı vasitəsilə harada səhv etdiyini öyrənir. Kitabda qeyd edilən QR kodlar vasitəsilə abituriyent topluda işlədiyi testləri yoxlaya biləcək. Həmçinin dərslərin rahat öyrənilməsi üçün videoizahlara da bu funksiya vasitəsilə nəzər yetirmək mümkün olacaq. Müəyyən mövzunu anlamayan abituriyent, hətta müəllim video-izah vasitəsilə daha yaxşı mənimsəyə biləcək”.
Müəlliflərdən Fərid Fərəcli toplunun qəbul üçün təqdim edilən çərçivəyə tam uyğun şəkildə hazırlandığını bildirib:
“İnformatikadan sinif kitablarının yenilənməsinə ehtiyac var. Çünki bir sıra səhvlər mövcuddur, amma şagird imtahanda bütün sualları sinif kitabında təqdim edildiyi kimi cavablamalıdır. Bu səbəblə test toplusunun əsasən praktik olması abituriyent üçün daha əlverişlidir.Topluda ümumilikdə 5 236 test nümunəsi mövcuddur. Bu abituriyentlərin mövzuları praktik şəkildə mənimsəməsinə köməkçi olacaq”.
Təlimçi, BDU-nun müəllimi Yadigar Əliyev informatika üzrə sinif kitablarında bəzi ifadələrin fərqli təqdim edildiyini söyləyib:
“Əksəriyyətimiz informasiya texnologiyalarını daha dərindən xarici vəsaitlər və bu sahənin xarici mütəxəssislərinin videolarını izləyərək öyrənmişik. Mövcud olan vəsaitlər də xarici materiallardan tərcümələr əsasında hazırlanıb. Bu səbəblə ifadə edilən sözlərdə fərqliliklər var. Müəllim dərsi kitabda olduğu kimi izah edir, şagird də bəzi tətbiqləri tam anlamır. Biz DİM-in vəsaitində də terminləri istədiyimiz, başa düşülən şəkildə yazmaq istədik, amma sonra qarşısında kitabda – yəni, orta məktəblər üçün yazılan dərslikdə verildiyi formanı da qeyd etdik. Məsələn, qovluğu seçmək (seçdirmək) şəklində. Bir nümunə kimi də qovluğun üzərinə “klikləmək” kəlməsinin sinif kitablarında “çıqqıldatmaq” kimi verilməsini göstərə bilərik. Nəticə olaraq abituriyentin imtahan hazırlığı üçün daha əlverişli vəsaitin təqdim olunması zəruri idi”.
Kitabın müəlliflərindən Səadət Məhərrəmova informatikanın tədrisi üzrə pedaqoji kadrların keyfiyyəti məsələsinə toxunub:
“8 ildir müəllimlərin işə qəbulu müsabiqəsi üçün namizədləri hazırlaşdırıram. Nəticə olaraq sual və mövzularla yaxından tanışam. Məsələn, bu il sadəcə 2 sual kurs və tədris kitablarında olamayan sual idi. İnformatika üzrə magistraturanın, dövlət qulluğunun, qəbulun, MİQ-in, indi də sertifikasiyanın hər birinin proqramı tamam başqadır. Amma bütün hamısının hazırlığı üçün eyni proqram üzrə hazırlıq həyata keçirilir. Bizdə informatika müəllimləri 3 hissəyə bölünür. Birində nəzəriyyə yaxşıdır, riyaziyyat və tətbiqdə çətinlik çəkir, digərində riyaziyyat və tətbiq yaxşdır, nəzəriyyədə çətinlik çəkir, başqa birində isə tətbiq yaxşıdır, amma riyaziyyat və nəzəriyyədə problem yaşayır. Düşünürəm ki, hazırda şagirdlərin informatikanı öyrənmə bacarığı müəllimlərdən daha yaxşıdır. Elə abituriyentlərin öyrənməsinə dəstək və mövcud problemlərin həddi istiqamətində bu toplunun əhəmiyyəti yüksəkdir”.
Qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi informatika fənninin sadəcə I deyil, bütün ixtisas qruplarına əlavə edilməli olduğunu söyləyib:
“Mən bir neçə il öncədən informatika fənninin əhəmiyyətini vurğulayır, sadəcə birinci deyil, bütün ixtisas qruplarına salınmasının vacibliyini qeyd edirəm. Hətta bunu Dövlət İmtahan Mərkəzinin keçirdiyi müzakirələrdə də təklif etmişəm. Çünki yaxın gələcəkdə qəbulun formatı dəyişəcək,təxmini 2-3 il sonra biz tamamilə yeni qəbul formatı görəcəyik. İnformasiya texnologiyalarının inkişafı əvvəllər diqqətin daha çox olduğu mühasibatlıq kimi ixtisasları sıradan çıxarır. Bu gün bizim İT üzrə mütəxssislərin formalaşmasına ehtiyacımız var. Bu baxımdan gələcəyimiz olan gənclərin informatika fənnini daha yaxşı öyrənməsi, keyfiyyətli vəsaitlərin olması mütləqdir”
İnformatika müəllimi Elvin Səlimov AzEdu Təhsil Portalı ilə Bələdçi Tədris Mərkəzinin ortaq layihəsi olan “İnformatika bələdçisi” toplusunun ərsəyə gəlməsinin vacibliyini qeyd edib və əlavə təkliflərini irəli sürüb:
“Əvvəlcə DİM tərəfindən hazırlanan abituriyentlər üçün İnformatika vəsaiti haqqında onu deyim ki, orada müxtəlif texniki məsələlər nəzərə alınmalıdır. Bildiyimiz ki, vəsaitin çapdan çıxdığı qısa müddət olsa da onu artıq əldə etmək mümkün deyil. Üzərində yenidən işlənilir. Belə bir məqamda “İnformatika bələdçisi” vacib boşluğu doldura bilər. Burada dərslərin izahı üçün QR texnologiyasının tətbiqini alqışlayıram. Bu, mövzuların daha yaxşı və asan başa düşülməsinə, testlərin daha faydalı şəkildə işlənməsinə səbəb olacaq”.
Qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi də kitabın vacibliyini qeyd edib və onun bölgələrdə yaşayan abituriyentlərə də çatdırılmasının arzuolunan olduğunu bildirib:
“Çox vacib vəsaitdir. Müəlliflər heyətinə və təşkilatçılara təşəkkür edirəm. Amma çox istərdim ki, paytaxtdan kənarda yaşayan abituriyentlər də onlardan çox faydalansınlar”.
Daha sonra müzakirədə mövzu ilə bağlı bir çox problem və çatışmazlıqlar müzakirə olunub, faydalı təkliflər irəli sürülüb.
Toplunun layihə müəlliflərindən olan AzEdu təhsil portalının baş direktoru Elşad Eyvazlı gələcəkdə bu istiqamətdə xeyli yeniliklərə imza atacaqlarını vurğulayıb.