COP29-da uşaqlar planetin və ətraf mühitin qorunmasına çağırış ediblər

COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin planetin və ətraf mühitin qorunması ilə bağlı çağırışlarını əks etdirən aksiya təşkil edib.
"Report" xəbər verir ki, mərkəzin rəhbəri Firuzə Sultanzadə jurnalistlərə açıqlamasında COP29 platformasının uşaqların səsini dünyaya çatdırmaq üçün unikal bir fürsət olduğunu qeyd edib.

Onun sözlərinə görə, tədbirin son günlərində uşaqların və gənclərin fikirlərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırlar.

"Bu gün COP29 platformasında, xüsusilə Mavi Zonada uşaqlarımız öz səsləri ilə böyüklərə və maraqlı tərəflərə müraciət edərək təbiəti qorumağın vacibliyini vurğuladılar," - deyə Firuzə Sultanzadə bildirib.

O həmçinin iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində uşaqların yaradıcılıq potensialının nümayiş etdirildiyini söyləyib:

"Biz uşaqların bu platformada iştirakını təmin etməklə onların səsini qlobal səviyyədə eşitdirir və gələcək nəsillər üçün daha yaxşı bir dünya qurmağa töhfə veririk".