"Öncə kurikulumun mahiyyətini anlamaq lazımdır"



Kamran Əsədov: "Hazırda  müvafiq yeni dərs vəsaitləri və tədris-metodik vasitələrin hazırlanmasına böyük ehtiyac var"


"Elmlə bağlı savadlılıq səviyyəsini mümkün qədər artırmalıyıq. Bizim şagirdlərimiz elmi savadlılığa malik olmalı və bu səpkidə dəyişikliklər baş verməlidir". Bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, yerli kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik: "Ənənəvi tədqiqat institutları, milli akademiya formatında fəaliyyət göstərən təsisatların gənc universitetlərlə əlaqə qurmalarına çalışırıq. Qara qızılın insan kapitalına çevrilməsi devizi ilə gənclər üçün fürsətlər yaradılıb".
  Təhsil eksperti Kamran Əsədovun “Şərq”ə açıqlamasında deyib ki, təhsilin tarixinə nəzər saldıqda bütün dövrlərdə təhsil sistemində dəyişikliklər olanda uzun  zaman çərçivəsində keyfiyyətə təsir edib. Müasir vaxtda kurikulumun bir çox ölkələrdə, xüsusən də ölkəmizdə daha çox keyfiyyətə təsir etmədiyinin bir çox səbəbləri olduğunu düşünürəm: “Təhsil verənlərin bu metoda inanmaması, təhsilalanların - yəni şagirdlərin kurikulumu ad olaraq eşitməsi, şəhər və kəndlərdə kurikulumun tətbiqində ümumi bir proqramın icra edilməsi, terminlərin daha da anlaşıqlı formada olmaması, təhsilverənlərin müxtəlif yaş qrupunda olması və  məktəblərdə İKT-nin zəif təminatıdır”. 
  "Bəs hansı addımlar atılmalıdır" sualına gəldikdə isə ekspert deyib ki, təhsilverənlərə təlim vermək əvəzinə onların metodları necə tətbiq edə biləcəkləri barədə debatlar vasitəsilə praktiki dərslər təşkil etdikdən sonra tətbiqlərini izləmək lazımdır.
  Şagirdlərə anlaşıqlı bir formada kurikulumda olan terminləri anladaraq, bu metod vasitəsilə onların təhsil sahəsində qazana biləcəyi uğurlara inandırmaq lazımdır. 
  Şəhər və kəndlərdə fərqli metodlar tətbiq edərək, fərqli tələblər olmalıdır: “Terminləri daha anlaşıqlı mənimsətmək üçün nümunəvi dərslər təhsilverənlərə göstərilməlidir.  Müəllimləri təlimlərə cəlb edən zaman yaş fərqləri nəzərə alınmalıdır. (40+ yaşlı müəllimlərin əksəriyyəti təlimlərin bir hissəsini gileyləniblər ki, o da keyfiyyətə mənfi təsir edib). Və ən əsası məktəblərin İKT bazası güclənməsi mütləqdir. Azərbaycanda məktəbəqədər təhsil səviyyəsini də nəzərə alsaq, artıq 12 illik təhsil sisteminə keçdiyimizi deyə bilərik. Kurikulumun tətbiqində  bizim əsas problemimiz budur ki, biz cəmiyyət olaraq dəyişikliyə və yeniliyə o qədər də yaxşı baxmırıq, isti yanaşmırıq. Bizdə kurikulumun tətbiqi o zaman keyfiyyətli olacaq ki, biz təhsilin tərəflərinə (müəllim, şagird və valideyn) bu dəyişikliyin və təhsil proqramının faydalı və gərəkli olduğunu qəbul etdirə biləcəyik. Bunun üçün tərəfləri bu dəyişikliyə hazırlamaq lazım idi”.

  K.Əsədovun sözlərinə görə, məktəb mühitində kurikulumun səmərəli təmin olunması üçün məktəblərdə dəyişən dünyanın tələblərinə cavab verən müəllim heyətinin olması çox vacibdir. Müəllimlər şagirdlərdə situasiyadan irəli gələn və qarşısında duran hər hansı konkret məsələni həyata keçirmək üçün sərf etdiyi bacarıqları formalaşdırmalıdır: “Vəziyyətdən qaynaqlanan tələblərə cavab vermək üçün əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək onun bacarığıdır. Həmçinin müəyyən funksiyaların müvəffəqiyyətli icrası üçün zəruri olan bilik, bacarıq, müvafiq təcrübə və şəxsi keyfiyyətlərin aşılanması əsasdır. Şagirdin dərsi qavraması üçün mütləq bilikdən əlavə, bacarıqlara da ehtiyacı var.  Bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyət tədris prosesinin qarşısında duran əsas vəzifədir. Bu kompetensiyanın formalaşması üçün şagird müəllimin qoyduğu suallara cavab tapmağı öyrənməlidir. Bu, şagirddən fəal, yaradıcı iş, alınmış məlumatı təhlil etmək bacarığı tələb edir. Bunun üçün müəllim dərs keçərkən həmişə problemli situasiya yaratmalıdır. Bu isə şagirdi dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə məcbur edir. Yaşadığımız dövrdə 21-ci əsr müəlliminin ən  böyük məsuliyyətinə diqqət yetirilir, müəllimin savadlılığının, yeni pedaqoji texnologiyalardan istifadə etmək bacarığının, ünsiyyət qabiliyyətinin, kompüterdən istifadə etmək bacarığının, yaradıcı təfəkkürdən törəyən bilikləri bir-biri ilə əlaqələndirərək yeni bir bilik yaratma qabiliyyətinin,  müəllim-şagird ünsiyyətini ən gözəl formada qura bilmək bacarığının olması ön planda durur.  Bilik bacarığını formalaşdırmaq üçün şagirdin özü və onu əhatə edən aləm və aləmin amilləri haqqında informasiyadır. Biliklərə yiyələnmək, işində çətinliklərin aradan qaldırılması şagirdin paktikasına yaxşı təsir göstərir, şagirdlərdə öz qüvvəsinə inam yaradır.  Məlumatın mexaniki mənimsənilməsi, formul və təriflərin şüurun iştirakı olmadan əzbərlənməsi biliklərin formal mənimsənilməsinə səbəb olur. Hər bir  işdə bacarıq lazımdır. Çünki insan arzusunu həyata keçirmək üçün öz səyi və bacarığı sayəsində istədiyi məqsədə nail ola bilər. Göz görmək, ağıl başa düşmək üçündür, yəni bilik olmasa şagird bacarığını formalaşdımaqda çətinlik çəkər. Bacarıq şagirddə əmək vərdişlərini formalaşdırır, onu müstəqilliyə və yaradıcılığa alışdırır. Deməli, bacarıq biliyi məqsədyönlü formada həyata keçirir. Şagird təlim prosesində qazandığı hərəkəti, yəni bir növ biliyi bacarığa çevirmək prosesini intensivləşdirməsi hadisəsi kimi vərdişi formalaşdırıb alışqanlıq halına salır. Hər hansı bir bacarığı dəfələrlə təkrarlayan bir şagird bacarığı vərdişə çevirmiş olur. Şagirdin nəinki cəmiyyətdən, həmçinin ailədən, dövlətdən qazandığı milli və mənəvi dəyərlər onun şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır. Ümumiyyətlə, dəyərlər şəxsiyyəti formalaşdıran keyfiyyətlərdəndir. Şagirdin nailiyyəti isə bilik və bacarıq əsasında əldə olunub formalaşan dəyərlər sisteminə aiddir.  İnsanın vətənpərvərlik, demokratiklik, humanistlik kimi keyfiyyətləri özündə cəmləşdirməsi, yoldaşına kömək etməsi, böyüklərinə hörmət etməsi, səbrli olması, qətiyyətli olması, cəsarətliliyi, özünü ələ ala bilməsi, inamı, xeyirxahlığı, məsuliyyətliliyi, intizamlılığı, işgüzarlığı, mərdliyi kimi keyfiyyətləri özündə birləşdirməsi kompetensiyanı formalaşdıran prinsiplərdəndir. Şagirdlər üçün əlavə addımların atılması, tədris materialının şagirdlər tərəfindən əsaslı dərk olunmasının təşkil edilməsi, bu məqsədlə müəllimin şagirdlərin şüurunu hərəkətə gətirməsi, onları düşünməyə, fikir yürütməyə vadar etməsi, onların diqqətini öyrənilən hadisələrdə səbəb-nəticə əlaqələrinə yönəltməsi, müəllimin rəhbərliyi ilə şagirdlərin müəyyən əqli nəticələr çıxarması qarşıda duran əsas prinsiplərdəndir”.

 Təhsil ekspertinin fikrincə, ümumtəhsil məktəblərində kurikulumun tətbiqi uşaqlarda təlim zamanı əsasən  fəallığı artırır. Şagirdlərdə düşünmə qabiliyyətini, yaradıcılığı, sərbəst fikir yürütmək, öyrəndiklərini tətbiq etmək, müzakirə etmək və s. bu kimi bilik və bacarıqları inkişaf etdirir. Bu sistemi səmərəli tətbiq etmək etmək üçün 2 məqama diqqət çəkmək istəyirəm: “Dərsliklər kurikulumun tələblərinə uyğun hazırlanmalıdır. Zənnimcə, hazırda  müvafiq yeni dərs vəsaitləri və tədris-metodik vasitələrin hazırlanmasına böyük ehtiyac var. Hər dərsdə tətbiq olunan alt standartın bilik və fəaliyyət hissəsi düzgün ayırd olunmalıdır.
Eyni zamanda kurikulumu təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq önəmlidir.  Dərsi təşkil edən müəllimdir və təhsilin keyfiyyəti birbaşa olaraq, müəllimin keyfiyyətindən asılıdır. Öncə kurikulumun mahiyyətini anlamaq vacibdir. Dərslərimizdə də bu mövzuya tez-tez toxunuruq ki, müəllimlər kurikulum anlayışını necə anlayır və tətbiq edir? Düşünürəm ki, kurikulumun səmərəli tətbiqi məhz bu sistemin düzgün  anlaşılmasından başlayır”.