“Report”un redaktoru BDU-da Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb


  “Report” İnformasiya Agentliyinin redaktoru, tanınmış jurnalist İmdad Əlizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.
  O, “Analitik jurnalistika” fənni üzrə “Müsahibə zamanı psixoloji məqamlar” mövzusunda ikinci kurs tələbələrinə mühazirə oxuyub.
Əvvəlcə fənn tədris edən müəllim Kənan Novruzov qonağın jurnalistika sahəsindəki fəaliyyəti barədə tələbələrə məlumat verib.
  Ardınca İmdad Əlizadə müsahiblə söhbət zamanı diqqət edilməsi vacib olan amillər barədə danışıb. O bildirib ki, jurnalist müsahibəyə başlamamışdan əvvəl mövzunu dərindən öyrənməli, aydın və yığcam suallarla müsahibəyə hazırlaşmalıdır.
  Redaktor vurğulayıb ki, jurnalist respondentlə müsahibəyə özünü və təmsil etdiyi KİV-i təqdim etməklə başlamalı, vəzifəsindən, xarakterindən asılı olmayaraq hər bir müsahiblə danışmağı bacarmalıdır. Onun sözlərinə görə, bu, jurnalistdən xüsusi məharətlə yanaşı, həm də təcrübə tələb edir.
  İ.Əlizadə, həmçinin böhranlı durumlardan çıxış yolları barədə auditoriyanı məlumatlandırıb. Qonaq bildirib ki, situasiyadan asılı olaraq davranmaq, daim təmkinli, səbirli olmaq lazımdır.
Redaktor, eyni zamanda jurnalistikanın mövcud durumu, müasir tendensiyalar, medianın müasir inkişaf meyilləri barədə fikirlərini bölüşüb.
İ.Əlizadə sonda tələbələrin suallarını cavablandırıb.