İndi daha çox magistratura səviyyəsində təhsil almaq istəyən gənclər xaricə göndəriləcək
Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur
Xaricdə təhsil alan gənclər təhsil aldıqdan sonra respublikamıza qayıdarkən iş problemi ilə üzləşirlər. Bu səbəbdən də təhsil almaq üçün xaricə göndərilən gənclərin xeyli hissəsi geri qayıtmır. Qalıb orada yaşayır və karyera qurur. Bunun əsas səbəbi isə həmin ölkələrdə gənclərə təhsillərini başa vurduqdan sonra böyük iş imkanlarının yaradılmasıdır.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, xaricdə təhsil alan gənclər üçün həmin ölkələrin əmək bazarında təkliflər çoxdur. Azərbaycanın isə əmək bazarı kiçikdir:
“Danılmaz həqiqətdir ki, gənclər təhsil üçün getdikləri ölkələrdə daha yüksək əməkhaqqı qarşılığında qalırlar. Orada onlara təklif olunan yüksək əməkhaqqını qoyub kim gəlib burada az maaşa işləyər? Ölkənin əmək bazarında bu kadrlara ehtiyac olsa da, onların maddi tələbatları qarşılanmır. Əgər biz xaricdə təhsil almış gəncə dünya əmək bazarındakı imkanları yaratmırıqsa, ona getdiyi ölkədə qalıb işləməsinə də qadağa qoya bilmərik”.
Təhsil eksperti Nadir İsrafilovun “Şərq”ə açıqlamasına görə, ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq yeni proqram əsasında həyata keçirilir. O deyib ki, "Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdirilib:
“Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür.
İndi daha çox magistratura səviyyəsində təhsil almaq istəyən gənclər xaricə göndəriləcək. Tələbələrin seçimini isə müvafiq komissiya aparacaq. Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək. Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacağı gözlənilir”.