Problemlərin əsas səbəbi məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir
Təhsil eksperti deputatın dediklərinin orta məktəblərdəki acı reallığı əks etdirdiyini deyib
Bu gün şagirdlər məktəb psixoloqlarının dəstəyindən kifayət qədər yararlana bilmirlər. Məktəblərdə sözün əsl mənasında yaxşı psixoloqlara çox ehtiyac var. Xüsusən də yuxarı sinif şagirdlərinin psixoloqlarla mütəmadi danışıqlar, söhbətlər aparması vacibdır. Məktəblərdə psixoloq çatışmazlığından gileylənən millət vəkili Etibar Əliyev deyib ki, şagird sayı çox olan ümumtəhsil məktəblərində bir neçə psixoloq olmalıdır: “Ancaq bir şərtlə ki, onlar yaxşı psixoloq olsun: “Fikrimcə, məktəblərə işini bilən psixoloqlar işə götürülməlidir. Təhsil müəssisələrində çalışan psixoloqların isə peşəkarlıq səviyyəsi artırılmalıdır. Onlar mütəmadi olaraq xüsusi təlimlərə, kurslara cəlb olunmalıdırlar.
Psixoloqları hansı ali məktəb yetişdirir? Biz bilirik ki, psixologiyanın tədrisinin səviyyəsi hansı vəziyyətdədir. Yəni onları psixoloq adlandırmaq olar, yoxsa olmaz? Onlar peşəkardır və ya qeyri-peşəkar? Bu cür problemlər var”.
Təhsil eksperti Kamran Əsədov da “Şərq”ə açıqlamasında deputatın dediklərinin orta məktəblərdəki acı reallığı əks etdirdiyini deyib:
“Bu gün məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərini görmürlər. Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir. Orta məktəblərdə çalışan psixoloqlar öz işlərini bilmirlər. Məktəb psixoloqları əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını aparırlar və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib olan ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac var. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar artır. Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir”.
Məktəb psixoloqlarının fəaliyyətində ciddi problemlər olduğunu vurğulayan ekspert deyib ki, aldıqları təhsilin səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir:
“Hesab edirəm ki, əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək.
Problemin kökündən və sistemli şəkildə həlli üçün ilk növbədə psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim heyətinə psixologiya elminin müasir dövrdə tələbləri və yeniliklər barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları, treninq və seminarlar təşkil olunmalıdır.
Əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək. Ali məktəblərdə psixologiya elminin qanunauyğunluqları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmalıdır. Bu işin təşkili məktəb psixoloqlarının və sosial işçilərinin yetişməsində çox böyük təsir gücünə malikdir. Belə olan halda məktəbə gələn psixoloq peşəkar kompetensiyaya malik olacaq və işini dövrün tələblərinə uyğun şəkildə qura biləcək.
Təhsil qanununda olan bu dəyişikliyi müsbət addım kimi qiymətləndirmək olar. Lakin problemi sistemli və kökündən həll edə biləcəyini düşünmürəm. Çətin və uzunmüddətli olmasına baxmayaraq problemi sistemli həlli işini ali məktəblərdən başlamağı daha optimal və effektiv həll yolu kimi görürəm.
Bu gün qanuna edilən dəyişikliklər və əlavələr öz nəticəsini bir neçə ildən sonra göstərə biləcək. Bundan başqa, məktəb psixoloqlarının hansı tələblərə cavab verməsi müəyyənləşdirilməlidir. Bu tələblərdən irəli gələrək məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqram işlənilməli, hazırlanmalıdır”.
K.Əsədov təklif edir ki, psixologiya fənni orta məktəblərdə ayrıca fənn olaraq keçirilsin. Hər yaşa uyğun psixologiya dərslikləri olmalıdır. Xüsusən də ibtidai siniflər üçün.