Çətin tərbiyə olunan şagirdləri cəzalandırmaq üçün mexanizmlər olmalıdır
"Ölkəmizdə savadsızlığın, rüşvətxorluğun, yüngül həyat tərzinin, narkomaniyanın yayılmasında maraqlı olan qüvvələr üçün məktəb əlverişli obyekt və mühitdir"
Sosial mediada orta məktəblərimizdən yayılan neqativ görüntülərin, səs yazılarının ardı-arası kəsilmək bilmir. Bu dəfə də sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırırlar. Bəs əslində məsələ necədir?
Qeyd edək ki, görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6 C sinfində qeydə alınıb. Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.
Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Solmaz müəllimə bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirib.
Solmaz müəllimənin 62 yaşı var və 38 ildir dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, saçlarını müəllimlik edərək ağardıb. Yaşından çox şagird, ən əsası insan yetişdirib. Bu gün onun yetişdirdiyi şagirdlər eyni məktəbdə onunla çiyin-çiyinə çalışırlar. 40 ilə yaxındır müəllimlik edən Solmaz xanım deyir ki, keçmiş dönəmin şagirdləri ilə indikilər eyni deyil və onları tərbiyə etmək olduqca çətindir.
6 C sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini dilə gətiriblər və müəllimədən üzr istəyiblər.
Videonu çəkən şagird müəlliməni çox istədiyini və dərsdə nadinclik etdikləri üçün peşman olduğunu bildirib.
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə “Şərq”ə açıqlamasında deyib ki, çətin tərbiyə olunan şagirdləri cəzalandırmaq üçün mexanizmlər olmalıdır: “Cəmiyyət müəllimə sahib çıxmalıdır. Müəllim o həddə çatdırılmamalıdır ki, şagirdə əl qaldırsın. Azərbaycanda müəllim-şagird münasibətləri düzgün qurulmayıb. Bu sahədə köklü islahatlara ehtiyac var. Düşünürəm ki, islahatlara Elm və Təhsil Nazirliyindən başlamaq lazımdır”.
Ekspertlərin fikrincə, ölkəmizdə savadsızlığın, rüşvətxorluğun, yüngül həyat tərzinin, narkomaniyanın yayılmasında maraqlı olan qüvvələr üçün məktəb əlverişli obyekt və mühitdir: “Onlar ideoloji üsullarla həm təhsilin keyfiyyətinin azalmasında, müəllimin nüfuzdan düşməsində, həm də tərbiyənin pozulmasında maraqlıdırlar. Son günlər məktəb və müəllimlərlə bağlı hay-küylər göstərir ki, təhsil sistemində arzuolunmaz hadisələr baş verir. Sadəlövh insanlar, bəzi jurnalistlər özləri bilmədən düşmən dəyirmanına su tökürlər. Bunları nəzərə almaq və sığortalanmaq həm lazım, həm də zəruridir. Azərbaycan müəlliminin düşdüyü durum adamın ürəyini ağrıdır. Müəllim şagirdin üstünə qışqıranda ona töhmət verilir. Müəllim şagirdə qulaqburması verəndə, töhmət alır. Müəllim şagirdə xoşa gəlməyən söz deyəndə yenə cəzalandırılır - ən yüngül cəzası töhmət olur. Hətta bu üzdən işdən qovulanlar da var.
Ərköyün şagirdləri cəzalandırmağa cəsarəti çatmayan təhsil səlahiyyətlilərimizin gücü müəllimlərə çatır. Şagird məktəbə 4 minlik telefonla gəlib sinifdə müəllimin şəklini çəkir, ona heç kim heç nə demir. Şagird məktəbə gəlmir, yenə "gözün üstə qaşın var" deyən olmur”.
Təhsil eksperti Elşən Qafarov isə təhsil müəssisələrində bu tip hadisələrin tez-tez baş verməsini xoşagəlməz hal kimi dəyərləndirib. Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin nizamnaməsinin olmaması bu gün bu və bu kimi halların baş verməsinə səbəb olur:
“Müəllim şagirdə qarşı hər hansı fiziki və psixoloji təzyiq göstərə bilməz. Buna yol verən müəllimlər isə intizam məsuliyyətinə cəlb olunur. Amma şagird müəllimə qarşı hörmətsizlik və onu özündən çıxaracaq qədər tərbiyəsizlik edirsə, şagirdə qarşı hansı cəza tətbiq edilməlidir, bunlar məktəb nizamnaməsində öz əksini tapmalıdır.
O ki qaldı tələbələrin dərsdə telefondan istifadəsinə, bunu da məktəblərin nizamnaməsi ilə tənzimləmək olar. Ümumilikdə isə bu məsələ ilə bağlı qanunda da ciddi boşluqlar var“.