"Oxumadığım bilet düşdü", "bəxtim gətirsəydi keçərdim" deyilən həmin "qara gün"... İmtahan sessiyaları tələbələrin həyəcan, stress keçirdiyi ərəfədir. İmtahanların öhdəsindən gəlmək üçün hər bir tələbə intellektual, eləcə də, psixoloji cəhətdən buna hazır olmalıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov əksər tələbələrin ürəyindən xəbər verib. O, hesabat tədbiri zamanı çıxışında söyləyib ki, əsas hədəfləri UNEC-də imtahan sessiyalarının mərhələli şəkildə ləğvidir.
"Xaricdə belə bir təcrübə mövcuddur. Bizim universitetlərdə də tətbiqi haqda düşünməliyik. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında tələbə qiymətləndiriləcək. Beləliklə, imtahana ehtiyac qalmayacaq”-, deyə rektor diqqətə çatdırıb.
İmtahan sessiyalarının ləğvinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a açıqlamasında deyib ki, UNEC həmişə yeniliklər tətbiq etməsi ilə yadda qalıb:
"Dünya təcrübəsindən faydalanmalıyıq. Xaricdə hər ay tələbəyə konkret bir layihə verilir, həmin layihə əsasında da tələbə qiymətləndirilir. Semestr imtahanlarının keçirilməsi bütün fənləri əhatə edir. Lakin layihələr bir istiqamətdə bilik və bacarıqlarını qiymətləndirməyə imkan yaradır. Nəticə etibarilə tələbənin seçdiyi istiqamət üzrə bilik və bacarıqlarının formalaşmasına töhfə verəcək".
Ekspert universitetlərdə dövlət imtahanın keçirilməsinə ehtiyac olmadığını da vurğulayıb:
"Əslində imtahan sessiyaları yaxud tələbələrin bilik və bacarıqlarının müəyyən formada yoxlanılması qəbulediləndir. Amma boloniya sistemində dövlət imtahanı zərurəti yoxdur. Tələbələrin 4 il, 8 semestr ərzində bilik və bacarıqlarının hər dəfə yoxlanılması Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi (ÜÖMG) ilə nəticələnməlidir".