Monitorinqlərlə İbtidai sinif müəllimlərinin də bacarıqları üzə çıxır - Təhsil eksperti


“Monitorinqdə iştirak etməyən şagirdlərə qarşı hər hansı sərt tədbir də görülməyəcək. Nazirliyin məqsədi ibtidai sinif şagirdlərinin 4 il ərzində nəyə nail olduğunu, biliklərə yiyələnmə səviyyəsini öyrənməkdir”

  Elm və Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində iyunun 10-da monitorinq təşkil edəcək. Nazirlikdən verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir. Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda onların sinifdən sinfə keçmələrinə təsir göstərmir. Qeyd edilir ki, ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilər.
  Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu cür monitorinqlər (imtahanlar) son illərdə keçirilir, məqsəd də aydındır: 
- 4-cü sinifdə ibtidai təhsil mərhələsi bitir, təhsilin orta pilləsi başlayır. Elm və Təhsil Nazirliyi bu monitorinqləri təşkil etməklə təhsilin ibtidai pilləsini bitirən şagirdlərin bilik və bacarıqlara nə dərəcədə yiyələndiyini müəyyən etmək istəyir. Nəticələr tədris prosesində hansı addımların atılmalı olduğunu da göstərir. Sonrakı addımlar üçün zəmin yaradır. Monitorinqlə təkcə şagirdlərin bilik səviyyəsini deyil, ibtidai sinif müəllimlərinin də hansı bacarıqlara sahib olduğunu üzə çıxarır. Müəllimlər şagirdlərə bilik və bacarıqları nə dərəcədə aşılaya bilib, fənləri hansı dərəcədə tədris edə biliblər. Bu monitorinqlər həm şagirdlərin, həm də müəllimlərin səviyyəsini müəyyən edir. 
  E.Əfəndi qeyd etdi ki, ibtidai sinif şagirdlərinin tədris ilinin sonunda monitorinqə cəlb edilməsindən valideynlər narahatlıq keçirməməlidir: 
- Məlumatda qeyd edildiyi kimi monitorinqin nəticələri şagirdlərin qiymətlərinə, yuxarı sinfə keçmələrinə mane olmayacaq. Monitorinqdə iştirak etməyən şagirdlərə qarşı hər hansı sərt tədbir də görülməyəcək. Nazirliyin məqsədi ibtidai sinif şagirdlərinin 4 il ərzində nəyə nail olduğunu, biliklərə yiyələnmə səviyyəsini öyrənməkdir. Amma valideynlər narahat olmasın, əksinə, bu monitorinqin keçirilməsinə sevinsinlər. Çünki övladlarının ötən 4 ildə biliklərə nə dərəcədə yiyələndiyini öyrənəcəklər.