Bu il 700 bal toplayan şagird olmayacaq

Son 3 ildə qəbul imtahanlarının nəticələrinin səviyyəsi aşağı düşür

"1 və 2-ci ixtisas qruplarında oğlan, 3 və 4-cü ixtisas qruplarında isə qız abituriyentlərin nəticələri daha yüksəkdir. Amma ümumi nəticələrdə qız abituriyentlərin nəticələri daha yüksək olur"

  12 mart tarixində keçirilmiş buraxılış imtahanı nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 saylı klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 saylı orta məktəbin məzunudur.

Qeyd edək ki, 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirak edən 100330 nəfər arasında 1 nəfər də olsun maksimum nəticə - 300 bal toplaya bilməyib.
  İmtahan nəticələrini dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında deyib ki, 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin ilkin təhlili göstərir ki, bu il bizim ali təhsil müəssisələrində 700 bal toplayan şagird olmayacaq: “Təəssüflə qeyd edim ki, son 3 ildə qəbul imtahanlarının nəticələrinin səviyyəsi aşağı düşür. İmtahanda iştirak edən 100330 abituriyent arasında bir nəfərin belə maksimum balı toplaya bilməməsi ciddi bir problemdir. Görünür, məktəblərdə tədrisin təşkili, təhsilin idarə edilməsi sahəsindəki boşluqlar qəbul imtahanlarının nəticələrinə mənfi təsir göstərir. İmtahan nəticələrinin aşağı olmasının məktəblərdə tədrisin keyfiyyətinin aşağı olduğundan da xəbər verir. İmtahan nəticələri göstərir ki, məktəblər öz funksiyasını yerinə yetirə bilmir. Tədrisin keyfiyyətinin aşağı olması imtahan nəticələrinə təsir edir”.
  Qızların daha yüksək nəticə göstərməsinə gəldikdə isə K.Əsədov deyib ki, 2020-ci ildə pandemiya səbəbindən dərslər onlayn sistemə keçdiyi üçün oğlan şagirdləri dərslərdən yayındı: “Valideynlərin onlara onlayn dərsə qoşulmaq üçün aldığı telefon və planşetlərdən şəxsi məqsədləri üçün istifadə etmələri bilik səviyyələrini aşağı salıb. Onu da deyim ki, adətən 1 və 2-ci ixtisas qruplarında oğlan, 3 və 4-cü  ixtisas qruplarında isə qız abituriyentlərin nəticələri daha yüksəkdir. Amma ümumi nəticələrdə qız abituriyentlərin nəticələri daha yüksək olur. Bu isə onunla bağlıdır ki, oğlanlar az balla da olsa hansısa bir universitetə qəbul olunmağı hədəfləyirlər. Hətta oğlan abituriyentlər ödənişli ixtisaslara qəul olunanda belə valideynlər bunu sevinclə qarşılayır. Bəzi ailələr qızların təhsil almasını əlavə xərc, vaxt və madiyyat itkisi kimi gördüklərindən qız abituriyentlər  daha çox çalışıb yüksək bal toplamağa müvəffəq olurlar ki, ailələri onların təhsil almasına bəhanə tapmasın”.