Hər ərzaq təhsil ocaqlarına yol aça bilməz

Məktəblərdə qida zəhərlənmələrinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir

  Elm və təhsil naziri Emin Əmrullayev son zamanlarda məktəblərdə baş verən zəhərlənmə hallarına münasibət bildirib. Bu barədə jurnalistlərə açıqlama verən nazir heç bir məktəbin belə hallardan sığortalanmadığını deyib: 

"Çalışırıq ki, hər bir hadisəni müvafiq olaraq təhlil edək və gələcəkdə təkrarlanmasının qarşısını alaq. Son zamanlarda təhsil müəssisələrində qidalanma ilə baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır. Qida məsələsi məktəblərdə iki yolla tənzimlənir. Bunlardan biri bufetlərdir. Bura özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. 

Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Məsuliyyət nəzarət altına alınmaqla müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər. İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir. Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür". Nazir deyib ki, Azərbaycanda həm xüsusi mühafizə olunan, eyni zamanda polis tərəfindən mühafizə edilən məktəblər var, həm də bütün məktəblərdə ən azı həyəcan düyməsi yerləşdirilib: 

"Bu istiqamətdə müvafiq təlimlər də keçirilir. Məktəblərin təhlükəsizliyi baxımından ən uğurlu layihəmiz "Məktəblinin dostu"dur. Artıq yüzdən çox məktəbdə bu layihə icra olunur. Bundan əvvəl məktəbdə zəhərlənmə halı baş verdikdə ilk müdaxiləni məktəb rəhbərliyi ilə yanaşı "Məktəblinin dostu" etmişdi. Bu layihənin əhatə dairəsinin genişləndirilməsinin tərəfdarıyıq. Nəzərə almaq lazımdır ki, ölkədə bir milyona yaxın şagird təhsil alır. Məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq. Bu yolla gələcəkdə bu kimi halların qarşısını almaq üçün necə addımlar atmalı olduğumuzu bilərik". Həmçinin Nazirliyin açıqlamasında qeyd olunur ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib, nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görülüb. Qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib.

  Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirdi ki, orta ümumtəhsil məktəblərində qida zəhərlənmələrinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir: 

- Hesab edirəm ki, təcrübəsiz mmc-lərin, özəl sektor təmsilçilərinin məktəb kimi ciddi məkanlara ərzaq paylamalarına icazə verilməməlidir. 

Məktəblərə hansı şirkətin, mmc-nin ərzaq, qida payladığı araşdırılmalı, bu sahədə təcrübəsi olanlar məktəbə cəlb edilməlidir. Məktəb tədrislə yanaşı, həm də uşaqların təhlükəsizliyinin təminatına cavabdehlik daşıyır. Ərzaq, qida təminatı kimi ciddi bir işə səhlənkar yanaşmaq, etibarlığı təsdiqlənməmiş şirkətlərlə əməkdaşlıq etmək olmaz. Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində icazə verilən və qadağan olunan ərzaqlarla bağlı məlum qərarı var. Hansı ərzaqlar məktəbə yol tapmamalıdır, bu haqda məlum qərarda açıq qeyd edilib. Məsələn, hisə verilmiş qidalar, spirtli, qazlı içkilər, çipslər, evdə bişirilmiş qidaların məktəb bufetində satılması qadağandır. Amma görürük ki, bufetçilər evdə hazırladıqları hazır qidaları məktəb bufetində satışa çıxarır. Nəzarət yoxdur deyə, belə hallar baş verir. Elm və Təhsil Nazirliyi məktəb bufetlərinə nəzarəti gücləndirməli, məktəbə gətirilən ərzağın keyfiyyəti dəqiq yoxlanmalıdır. 

Şagird məktəbə özüylə qida gətirə bilər, buna onun hüququ var. Amma valideynlər də bu məsələdə diqqətli olmalı, yağlı, kimyəvi qatqısı olan ərzaqları nahar yeməyi kimi şagirdin çantasına qoymamalıdır. 

Valideynlər də səhvlərə yol verir. Uşağa gündəlik xərclik verir, “nə istəyirsən, al, ye”, deyir, uşaq da sevdiyi qidanı alır. Paketlənmiş hazır qidalar, qazlı, rəngli içkilər, çipslər, quru vermişel, suxarilər bu gün məktəblilərin əksəriyyətinin yediyi qidadır. Bu, qətiyyən düzgün deyil.

 Zərərli qidalarla bağlı məktəblərdə maarifləndirmə aparılmalıdır. Evdə də valideynlər övladlarına bu cür qidaların zərərli olduğunu başa salmalıdır. 

Amma bunu edənlər azdır. Məktəblərin önündəki köşklərdə hər cür zərərli qida satılır. Şagirdlər də alıb yeyirlər. Belə hallar aradan qaldırılmalıdır.