Əməkdar artistdən nazirə:“Şahmat məktəb proqramına daxil edilsin”

 “Hörmətli Elm və Təhsil Naziri, uzun illərdir, Azərbaycanın böyük şahmat gücünə malik olduğu üçün şahmatın məktəb proqramına fənn kimi daxil edilməsinin zəruriliyindən yazıram”.
“Sherg.az” xəbər verir ki, bu sözləri instaqramda Əməkdar artist Bəhram Bağırzadə qeyd edib. 
Evin damında şahmat oynayan uşaqların fotosunu paylaşan aktyor bu fikirləri yazıb:

“Bizim böyük şahmatçılarımız olub, var və olacaq. Amma biz irəli getmək istəyiriksə, vətəndaşlarımızın inkişaf etmiş intellektə, məntiqi təfəkkürə malik olmasını, cəld qərar qəbul etməyimizi istəyiriksə, şahmat kimi bir fənn lazımdır! Təəssüf ki, bütün müraciətlərim sadəcə müraciət olaraq qalıb. 

Bizim “qonşularımız” isə çoxdan şahmatı məktəb proqramına daxil edib və yaxşı nəticələr əldə edirlər. 
Bunu etməsək də, hər şeyə rəğmən, hər il yeni, istedadlı şahmatçılarımız gəlir! Şahmat məktəb təhsilinin bir hissəsinə çevrilsə, nə baş verəcəyini təsəvvür edə bilərsinizmi!?

 İlk addımı - E2-E4 etdim. Necə deyərlər, ağlar başlayır və qalib gəlir! Şəkil yarım saat əvvəl Bakı şəhərinin həyətlərindən birində çəkilib, burada bir müddət  əvvəl şahmat məktəbi yerləşirdi və indi ətriyyat mağazasına çevrilib. Ona görə də gözəl bakılı uşaqlarımız metal qarajların damında şahmat oynamalı olurlar”.