Elə gənc müəllimlər var sinfi idarə edə bilmir

Sertifikasiya olduqca lazımlı və yerində bir prosedurdur

Kamran Əsədov: “Müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcədədir”


  Təhsilin hər üç pilləsində ciddi problem var. Nazirlik bu sahələrin idarə edilməsində öz funksiyasını tam yerinə yetirmir. 
 Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin iclasında deyib. Proseslərin çox ləng getdiyini vurğulayan deputat qeyd edib ki, fərmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, hesab edirəm ki, ciddi işlər görülməyib: “Sertifikatlaşdırma məsələsinə gəlincə, ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir”.

  Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında  sertifikasiyanın olduqca lazımlı və yerində bir prosedur olduğunu deyib. Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində təkcə müəllimlərin yox, bir çox peşə sahiblərinin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə onların sertifikasiyası keçirilir.
  Azərbaycan müstəqilliyini əldə edəndən sonra keçid dövrü problemini yaşadı. Bu, təhsil sahəsinə də təsirsiz qalmadı. İqtisadi böhran  və işsizlik həmin dövrdə çoxlarını yeganə çıxış yolu kimi təhsilə gətirdi. Beləliklə, əsl peşəkarlarla  yanaşı, çoxsaylı təsadüfi insanlar da təhsilə üz tutdu: “2014-2019 -cu illərdə mərhələ-mərhələ bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçirilib. Məqsəd Azərbaycanın pedaqoji heyətində əsl bilikli, peşəkar müəllimlərlə digərlərini saf-çürük etmək idi. Diaqnostik qiymətləndirmə birmənalı qarşılanmadı. Az bal toplayanlar bu proseduranın mükəmməl olmamasından şikayətləndilər. Praktika göstərdi ki, heç də bütün yüksək bal toplayanlar real fəaliyyətdə, istehsalat prosesində peşəkar olmur, bəzi hallarda sinfi-şagirdləri idarə etmək səriştəsindən uzaqda qalırlar.
  Bir sözlə, diaqnostik qiymətləndirmə pedaqoji heyətin nəzəri, bəzi hallarda əzbərçi biliklərini müəyyən edə bilsə də, praktiki səriştəsini, müəllimin dünyagörüşü, etik davranış səviyyəsini, mənəvi dəyərlərə, azərbaycançılıq ideologiyasına sədaqətini yoxlaya bilmədi. Sertifikasiya isə  diaqnostik qiymətləndirmə formatında deyil. Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiya daha geniş formatdadır. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.

  Deputatın “universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir” iradına gəldikdə  isə K.Əsədov deyib ki, müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcədədir: “Bu gün universitetlərimizdə bəzi fənlər həm müəllimlər, həm də tələbələr tərəfindən qulaqardına vurulduğu üçün gənc müəllim sinfi idarə edə bilmir. Təkmilləşdirmə müəssisələrinin də birincilik verdiyi kurikulum üzrə tədris bacarıqlarının inkişafı olduğu üçün müasir şagirdlə necə dil tapmaq, ona necə yanaşmaqla bağlı bacarıqlar aşılanmır. Ona görə də müəllim imici zəifləyir, pis müəllim obrazı formalaşır və müəllim-məktəb mövzusu gündəmdən düşmür”.