Heydər Əliyevin uğurlu təhsil strategiyası...

Hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya Azərbaycanlılarının Ümumilli Lideridir. Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstutunun memarlıq fakültəsində təhsil almışdır. Lakin başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. O respublikaya rəhbərlik etdiyi dövrdə iqtisadi sosial sahədə böyük nailiyyətlər əldə edildi. Heydər Əliyev 1990-cu ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1993-cü ilin may-iyun aylarında Azərbaycan xalqı Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamını qaldırdı. Bu səbəbdən Azərbaycanın o zamankı dövlət başçıları onu Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq olmuşdur. Həqiqətəndə Heydər Əliyevin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin ilin dekabrın 12-də Azərbaycanın Ümumilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.

    Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. 2023-cü ilin mayın 10-da Azərbaycan xalqının Ümumilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

 Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci ildə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Heydər Əliyevin 1969-1982-ci illərdə qoyduğu möhkəm iqtisadi təməl bu günümüz üçün əsas oldu. Qürur hissi ilə deyə bilərik ki, Ümumilli Lider Heydər Əliyev müstəqilliyimizin prezident İlham Əıiyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.

Heydər Əliyev və təhsil siyasəti

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyin inkişafında misilsiz xidmətləri olmuşdur. Onun fəaliyyətində təhsil xüsusi yer almışdır. Yüksək inkişaf etmiş ali təhsil sistemi cəmiyyətin və sosial rifahın inkişafını təmin edir, ölkənin siyasi, iqtisadi,hüquqi və hərbi qüdrətini gücləndirir. Hələ XX əsrin 70-80-ci illərində Azərbaycanda təhsilin inkişafına ayrılan diqqət, ana dilinin inkişafına yönəlmiş siyasət, gənc kadrların SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində oxumağa göndərilməsi, ali məktəblərin sayının artırılması kimi uğurlu işlərin nəticələrimüstəqilliyin bərpasından sonrakı dövrdə özünün əhəmiyyətini xüsusi olaraq göstərdi. 1978-ci ildə Azərbaycanın Konstitusiya layihəsinin hazırlanması zamanı Heydər Əliyevin Azərbaycan dilini ana dili kimi bu layihəyə əlavə etməsi çox mühim və cəsarətli addım idi. Çünki o illərdə, Sovet İttifaqında milli-mənəvi dəyərlərin qorunması qəliz məsələ idi. Heydər Əliyev çox gözəl bilirdi ki, millətin dilinin qorunması onun milli kimliyinin, mənliyinin mühafizəsi demək idi. Heydər Əliyevin Azərbaycan dilinə, onun qorunmasına və inkişafına olan həssaslığı özü tərəfindən açıq şəkildə ifadə edilmişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir.”

    Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ali məktəblərin sayı da çoxalmış, yeni ali təhsil müəssisələri yaradılmışdır. Artıq 1982-ci ildə ali təhsil müəssisələrində təhsil alan insanların sayı 100 min nəfərə çatmışdır. Azərbaycanda təhsil alanlarla yanaşı, SSRİ-nin digərali təhsil müəssisələrində də soydaşlarımızın oxuması məqsədi ilə yüzlərlə həmyerlimiz keçmiş ittifaqın ən aparıcı universitetlərinə göndərilmişdir.

    Prezident İlham Əliyevin uğurlu təhsil siyasətinin mühüm şərtlərindən biri bu siyasətin əsasında Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının dayanmasıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan təhsilinin uğurlu inkişafı Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da dövlətimizin və cəmiyyətimizin uğurlu gələcəyi üçün sürətlə davam edəcək.

Fəridə Rəcəbova