Nazirlik düz edir! - “...Müəllimlərin işdən çıxarılması ədalətlidir”

"Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə bir sıra məsələlərə toxunub. Onların arasında ən çox müzakirə edilən məsələlərdən biri də müəllimlərin sertifikatlaşdırılması müsabiqəsindən iki dəfə kəsilənlərin təhsil sistemindən uzaqlaşdırılması fikridir".
Bunu "Sherg.az"a təhsil eksperti Elmin Nuri iki dəfə imtahandan kəsilən müəllimlərin işdən azad ediləcəyi barədə danışarkən bildirib. Onun sözlərinə görə, sertifikasiya imtahanından iki dəfə kəsilən müəllimlərin işdən çıxarılması kifayət qədər ədalətlidir:

"Həm jurnalist, həm vətəndaş, həm də tədqiqatçı kimi, hər zaman obyektiv olmağa çalışıram. Elm və təhsil nazirliyini də müdafiə etmək fikrim yoxdur. Lakin bu hələ nəinki sərtləşdirilmiş, hətta yumşaldılmış, humanist addımdır. Ötən il təkcə Bakı şəhərində 10 mindən çox ibtidai sinif müəllimi sertifikasiya imtahanında iştirak etdi. Nəticələrə görə, onların 78 faizi bu proseduru uğurla adlaya bildi. Yerdə qalan 22 faiz isə zəif nəticə göstərib. 22 faiz kifayət qədər böyük rəqəmdir. Nəzərə alaq ki, sertifikasiyada istifadə olunan suallar müəllimlərin işə qəbul müsabiqəsindəki suallardan dəfələrlə asan, sadələşdirilmişdir. Uzun illər uşaqların tədris prosesində iştirak edən, cəmiyyət üçün gələcəkdə uğurlu kadrlar yetişdirməyə borclu olan müəllimlər həmin predmetin elementar səviyyəsini bilmir. Amma dövlət onlara bir il də şans verir. Əlavə olaraq, onları təkmilləşdirmə kurslarına, təlim mərkəzlərinə göndərir. Daha sonra ikinci dəfə imtahanda iştirak etmə imkanını yaradır. Məlum proseslərdən sonra elementar səviyyənin tələblərinə cavab verə bilməyən müəllim bu gün məktəblərimizdə qalmağı haqq etmir”. 

E.Nuri onu da əlavə edib ki, sosial cəhətdən bütün insanları anlamaq lazımdır:

“Hər kəs işləməli, ailəsinin tələbatını ödəməlidir. Amma bu günün müəllimi gələcəyin onlarla, yüzlərlə zəif şagirdi deməkdir. Asanlıqla başqasının halına acıyırıq, problemlərini görürük. Ancaq gələcəyimizi gözləyən problemlərdən bir növ yan keçirik. Daha sərtləşdirilmiş addımların atılmasının tərəfdarıyam. Hələ ikinci şansın verilməsinin özü belə böyük addımdır. Azərbaycanda elm və təhsil nazirliyi 57 mərkəz yaradıb ki, sertifikasiyadan kəsilən müəllimlərin təkmilləşdirilmə prosesi həyata keçirilsin. Nəyi pisdir?! Müəllim əslində güclü bilməyə borclu olduğu predmeti yenidən öyrənir. Dövlət bu şəraiti onlar üçün yaradır. Hər hansı müəllim savadlıdır, lakin kompüterlə işləməyi bacarmaması və ya imtahanda həyəcan keçirməsinin nəticəyə mənfi təsiri istisna hallardır. Həmin problemin həlli üçün yüzlərlə könüllülər imtahana cəlb olunub ki, kompüterdən istifadə bacarığı zəif olan müəllimlərin hər sualına cavab versin, onların hər işini görsünlər. Lakin imtahanda həyəcanlanan müəllim demək, həm də pedaqoji, psixoloji idarəetmə cəhətdən də hazırlıqsızdır".

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirdib. Nazir bildirib ki, müəllimlər iki dəfə imtahandan kəsilsələr, işdən çıxarılacaqlar.