Azərbaycanda ən çox müraciət edilən peşə təhsili ixtisaslarının adları açıqlanıb. Bununla bağlı Peşə Təhsili Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə məlumat verib. O bildirib ki, ən yüksək tələbat aşpazlıq ixtisasınadır:
"Tikinti sahəsi ilə əlaqədar ixtisaslara qəbul isə azdır. Halbuki bu sahədə mütəxəssislərə daha çox ehtiyac var. Tikinti sahəsi haqqında ixtisaslara marağın az olmasının səbəbi işəgötürənlərin təhsil tələb etməməsidir. Qanunvericilikdə bu məsələnin həlli ilə bağlı təkliflər hazırlanır".
Tikinti sahəsi ilə əlaqəli ixtisaslara qəbulun az olması barədə "Sherg.az"a danışan tikinti məsələləri üzrə ekspert Vüqar Oruc bildirib ki, mövcud dəyişikliklər, biznesin, xidmət sahələrinin inkişafı sözügedən peşələrə tələbatı artırıb:
"Doğrudan da, getdikcə Azərbaycanın, paytaxtımızın, infrastrukturun inkişafı sözügedən peşələrə tələbatın artmasını zəruri edir. Tikintidə təkcə kvalifikasiya (ixtisaslaşma) tələb olunan sahələr onsuz da ölkəmizin müxtəlif tədris müəssisələri bu istiqamətdə mütəxəssislər hazırlayır. Fəhlə kontingentinin seçimində isə daha çox fiziki göstəricilərə üstünlük verilir. Eyni zamanda vərdişlər xüsusi rol oynayır. Zamanın dəyişməsi ilə bəzi peşələrə olan tələbatın azalması da təbii prosesdir. Əvvəl xarrad, dülgər peşələrinə çox böyük ehtiyac var idi. İndi insanlar daha çox hazır məhsullara üstünlük verirlər.
Bu da bəzi peşələrə müraciət edənlərin azalmasına gətirib, çıxarır. Etiraf edək ki, hazırda kustar üsulla işləyən müəyyən sexlər mövcuddur. Həmin sexlər peşə təhsili və məktəbləri vasitəsilə deyil, nəsildən-nəsilə ötürülməklə və ya usta-şagird münasibətləri ilə tənzimlənir. Ona görə də həmin şəxslər əlavə təhsil almayıblar. Amma sözügedən sahələrdə də müəyyən təhsilə ehtiyac var. Peşə təhsili zamanı tələbələrə təkcə həmin sahənin sirləri yox, həm də təhlükəsizlik, alətlərdən, müəyyən vasitələrdən istifadə qaydaları da öyrədilmir. Bu da müsbət cəhətdir. Doğrudan da, bütün sahələr üzrə peşə təhsilini inkişaf etdirmək lazımdır. Elə bir mühit yaradılmalıdır ki, peşə istiqamətində fəaliyyət göstərən şəxslər minimum tələb olunan standartlarda təhsilə malik olsunlar. Öz peşəsini təkcə praktika ilə yanaşı, həm də nəzəri cəhətdən öyrənsinlər. Bütün istiqamətlərdə hər zaman nəzəriyyə ilə praktika bir-birini tamamlamalıdır. Əks halda natamamlıq yaranar. Bu baxımdan qanunvericiliyə də müəyyən dəyişiklik edilməlidir. Peşə təhsilinə daha böyük diqqət göstərilməlidir. Bu, nəticə etibarilə ölkə əhalisinin işlə təmin edilməsi üçün stimul olar. Eyni zamanda cəmiyyətinin daha düzgün və müasir prinsiplərə uyğun şəkildə idarə olunmasında əhəmiyyətli rol oyanyar. Təhsilli cəmiyyət uğurlu cəmiyyətə bərabərdir. Hər kəs harda işləməsindən asılı olmayaraq, öz sahəsinin qayda və qanunlarını bilməlidir. Burada Elm və Təhsil Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür. Peşə təhsilinin təşkili məsələlərində orta məktəblər də fəallıq nümayiş etdirməlidir. Proseslərə valideynlər də qatılmalıdır".