Bir təhsil, iki dövlət  - Azərbaycan-Türkiyə Universiteti yeni imkanlar yaradacaq

"Azərbaycan-Türkiyə Universitetinin fəaliyyətə başlaması uzun müddətdir ki, müzakirə olunur. Yaxın tarixdə yaradılması nəzərdə tutulur".

Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması barədə fikirlərinə münasibət bildirərkən deyib. Mütəxəssis diqqətə çatdırıb ki, əlbəttə, burada məqsəd Türkiyədə təhsil almaq istəyən vətəndaşlarımız, eyni zamanda Azərbaycanda təhsil almaq istəyən türklərə yeni ixtisaslar üzrə bu imkanı yaratmaqdır:

"Əsasən, mövcud əmək bazarında daha çox tələbat olan ixtisasların hazırlığı nəzərdə tutulur. Bu da hər iki ölkə üçün perspektivli gənc kadrların hazırlanması deməkdir. Universitetin formatına gəldikdə isə demək olar ki, daha çox texnoloji, təbiət və səhiyyə istiqamətində kadrların hazırlığı prioritet olacaq. Bakalavr və magistr pillələri üzrə kadr hazırlığı həyata keçiriləcək. Gələcəkdə bu universitetdə təkcə azərbaycanlı və türklər deyil, eyni zamanda türdilli dövlətlərin vətəndaşları da təhsil ala biləcək".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanat yayıb. Türkiyə dövlət başçısı bildirib ki, Türkiyə-Azərbaycan Universiteti ilə bağlı qanunvericilik səviyyəsində də addım atılacaq və fəaliyyətə başlaması gecikən bu universitetin yaxın gələcəkdə fəaliyyətə başlamasını təmin edəcəyik.