Gənclər kor-koranə test əzbərləyir  -  Təhsil eksperti

Elm və təhsil naziri Emin Əmrullayevin ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü keçirilib. Nazir bildirib ki, imtahanlarda 38 min müəllim iştirak edib:
"İbtidai sinif müəllimlərinin 35 faizinin təkmilləşməyə ehtiyacı var. Onlar 0-29 bal toplayıblar".
Təhsilverənlərin sertifikasiya imtahanında göstərdikləri nəticələr barədə "Sherg.az"a danışan təhsil eksperti Səbuhi Abdullayev söyləyib ki, əsas məqsəd təbii ki, təhsilin keyfiyyətini artırmaq və təhsilverənlərin bilik və bacarıqlarının yoxlanmasıdır:
"Sözügedən proses həm yeni nəslin təhsilverənləri üçün şansları artırır, həm də sertifikasiya zamanı nəticə əldə edən müəllimlərin əməkhaqqının qaldırılmasına xidmət edir. Sertifikasiya imtahanı müəllimlər üçün sınaq və əlavə imkandır. 30 bal toplayanlar müsahibəyə buraxılır, eyni zamanda 30-50 bal aralığında nəticə göstərənlərin maaşı 10 faiz, 51-60 bal toplayanların isə əməkhaqlarına 35 faiz əlavə olunacaq. Yəni 50 bal yığan müəllimlərin maaşı 10 faiz, 51 balı olanın isə 35 faiz artırılacaq. 1 bal kəskin fərq və narazılıq yaradır. Digər tərəfdən gənc nəsil mövzunun fərqinə varmadan testləri əzbərləyib, yaxşı nəticə göstərir. Tanıdığım ibtidai sinif müəllimi var, əksəriyyəti birinci sinfə gedəcək olan övladını həmin təhsilverənin sinfinə yazdırmaq üçün səy göstərir. Məktəbdə 10-dan çox müəllimin fəaliyyət göstərməsinə baxmayaraq, hər kəs övladını həmin sinfə qoymağa çalışır. Valideynlər düşünür ki, həmin müəllimin təcrübə və metodikası çox yüksəkdir. Lakin sertifikasiya imtahanının nəticəsi 40 baldan aşağı olub. Sertifikasiya prosesinin təşkili təhsilverənin savadını göstərsə də, pedaqoji təcrübəsini ortaya çıxara bilmir".