Sertifikasiya təhsilin tərəqqisinə təkan verir...

Son 2 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqısı 830 manata çatacaq.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

İmtahanda 30-50 bal arası, eləcə də 51 bal və daha yuxarı nəticə göstərmiş şəxslər üzrə isə bu göstərici daha da yüksək olacaq.

Sertifikatlaşdırmanın nəticələrinə əsasən əməkhaqqı artımı üçün ayrılan və növbəti ildə ayrılması nəzərdə tutulan vəsaitə görə sertfikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı 1270 manat, sertfikatlaşdırma imtahanın da uğur qazanmış müəllimlərin əməkhaqqısı 1030 manat və sertfikatlaşdırmada iştirak etməmiş müəllimlərin əməkhaqqı 750 olaraq müəyyənləşib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumlikdə sertifikasiya imtahanlarının keçirilməsi məqsədəuyğun qərardı:

  “Təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılması təhsilin tərəqqisi və təhsilalanların ümumi təhsil göstəricilərinə təsir edən əsas amillərdəndir. Çünki bu imtahandan sonra həqiqi bilik sahibləri təhsil sferasında qalır və övladlarımızın bilik və bacarıqlarının formalaşmasında əsas rol oynayırlar”.

Ekspert sertfikasiyanın keçirilməsi əsasında müəllimlərin əmək haqqlarının diferensiallaşmış qaydada hesablanmasının  düzgün addım olduğunu vurğulayıb:

“Çünki əgər bilik və bacarıqlar yoxlanılırsa, onların qiymətləndirilməsi də aparılmalıdır. 51  və üzəri bal toplayanların əmək haqqısında 35 faiz artım olur. 31-50 aralığında nəticə göstərənlərdə isə 10 faiz əmək haqqı artımı olur. Bu artım müəllimlərə  əlavə motivasiya vermiş olur. Nəticə etibarı ilə həm motivasiya, həm də bilik və bacarıqlarının yerində olması təmin edilir. Uşaqların daha yaxşı təsil almasına şərait yaradır”.