Bakı İlahiyyat Kollecində universitetdə tədris olunmayan yeni ixtisaslar açılmalıdır-Şərh

“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin yaradılıb.
 Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az” la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki,  Azərbaycanda ali təhsil müəssisələrinin nəzdində olan kolleclərin fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyil. Həmin tədris ocaqlarının  faydalılığı, hansı boşluğu doldurmaları, əmək bazarına hansı istiqamətdə nüfuz etdikləri sual altındadır: 
“Ölkədə kolleclərə olan maraq ildən-ilə artmaqdadır. Bunu həm plan yerlərində həm də  ixtisas seçimi zamanı kolleclərə olan müraciətlərə baxdıqda aydın şəkildə müşahidə etmək mümkündür.  Bir çox universitetin nəzdində onun kolleci yaradıldığının şahidi oluruq.  Bu kolleclərin verimliliyi insanlarda şübhə doğurur. Sözügedən kolleclərin əmək bazarına təsiri qənaətbəxş deyil. Nəzdində kollec olan universitetlərin özündə belə tədrislə bağlı ciddi boşluqlar, problemlər var.  Onların kolleclərində müəllim və texniki heyyətin səriştəsi, bilik və bacarıqları sorğulanmalı, analiz edilməlidir”. 

E.Nuri Azərbaycan İlahiyyat İnstitunda əsas ixtisaslar islamşünaslıq və dinşünaslıq olduğunu söyləyib:
“Kollecdə də sözügedən ixtisaslar tədris olunacaqsa, onun yaradılmasında məqsəd nədir? Bilirik ki, dinşünaslıq ixtisasını bitirənlər əsasən məscidlərə, dini qurumlara axund olaraq yollanırlar.  Bəs kollecləri bitirənlər əmək bazarına özlərini necə realizə edəcəklər? İlahiyyat İnstitunda hansı boşluqlar var idiki onu kollecini yaratmaqla həll edəcəklər?  Sözü gedən kollecin yaradılmasında əsas müsbət cəhət 9-cu sinifi bitirən və dinşünaslıq, islamşünaslıq ixtisasında təhsil almaqda həvəsli olan uşaqlara yaradılan şəraitdir.  Amma kolecin hansı boşluğu dolduracağı, faydalı iş əmsalının necə olacağı ilə bağlı sual işarəsi var. Bakı İlahiyyat Kollecində universitetdə tədris olunmayan yeni ixtisaslar açılmalıdır. Pedoqoji Universitetin nəzdində olan kollec bu baxımdan təqdirə layiqdir. Çünki universitet və kollecdə bir-birindən fərqli ixtisaslar mövcuddur”.