Bakıda məktəbi bitirə bilməyən 1 300-ə yaxın şəxs imtahan verəcək.
Bu barədə Bakı Şəhəri Üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, əvvəlki illərdə məktəbi ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək aralıq imtahanları üçün sənəd qəbulu başa çatıb. Eksternat imtahanlarında iştirak etmək üçün 1 290 müraciət daxil olub. Eksternat imtahanları 25-26 dekabrda paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a söyləyib ki, son statistikya əsasən, Bakı məktəblərində 483 min 283 şagird təhsil alır :
"Təhsildə kifayət qədər ciddi problemlərin olması danılmazdır. Ancaq etiraf etməliyik ki, təxmini yarım milyon şagirdin müqabilində 1293 nəfərin eksternat qaydada imtahan verməsi böyük rəqəm hesab olunmur. Təxmini hesablasaq, hər məktəbə 4 belə şagird düşür. Bu göstərici təkcə təhsilini başa vura bilməyənlərin deyil, müraciət edənlərin sayıdır. Dövlət şans verərək əlavə imtahanlar keçirməsi, uğurlu bir addımdır. Uşaqların ailədəki problemlərin,sosial rifahın ağırlığı səbəbindən məktəbləri yarımçıq qoymaq məcburiyyətində qalırlar".
Ekspert vurğulayıb ki, şagird çətin idarə olunan şəxs qrupuna aiddirsə, təhsildən xaric edilir:
"Bu istiqamətdə səbəblər çoxdur. Ona görə də bununla bağlı xüsusi fəaliyyət proqramı hazırlamalıyıq. Məktəbin direktoru, psixoloqu səbəbləri araşdıraraq onların təlim-tərbiyəsi ilə əlavə məşğul olsunlar. Həmçinin, valideynlər mütəmadi təlimatlandırılmalıdır".