2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.
O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, məktəblərin optimallaşdırılmasında çox ciddi problem var:
"Hətta, bu istiqamətdə tədbir görməyə gecikmişik. Ölkədə ən azı 4132 ümumi orta təhsil müəsisəsi fəaliyyət göstərir. Ötən gün qurultayda bununla bağlı fikir səsləndirmişik. Doğrudur, bir məsələni nəzəri əsaslandırmaq işin asan tərəfidir. Praktiki tətbiqi isə vaxt tələb edir. Hər bir halda təhsilin inkişaf parametrlərini düşünürüksə, məktəblərin optimallaşdırılmasına xüsusi diqqət etməliyik. Ölkədə bir şagirdin oxuduğu 7 məktəb var. İndi hansı dövrdür ki, cəmi 1 şagirdi olan məktəb fəaliyyət göstərsin? Azərbaycan o qədər də sərt iqlimə malik olan bir ölkə deyil. Bir kənddən digər kəndə getmək o qədər də çətin olmamalıdır. Əvvəllər kənd üçün bir məktəb olardı. Burada yeni problem uşaqların yol məsələsidir. Buna baxmayaraq, məktəblər mütləq optimallaşdırılmalıdır".