Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə,müzakirəyə təqdim olunan qanun layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.
O, diqqətə çatdırıb ki, sənəddə “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutub.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, əvvəllər yuxarı siniflərə "insan və cəmiyyət" fənni tədris olunurdu:
"Artıq həmin fənn ləğv olunub. Müvafiq olaraq,Elm və Təhsil Nazirliyi bu məsələni qaldırıb və 1 ci oxunuşda qəbul edilib. Bu mövzuların işlənilməsi həm qadın,həm də kişi hüquqlarını şagirdlərin öyrənməsi baxımında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda şəxsiyyətlər arası münasibətlərin dəyər və hörmət arasında olduğunu bilmək məqsədəuyğundur. Düşünürəm ki,bu mövzulara dərsdənkənar məşğələ kimi yer ayrılacaq. Əslində, hansısa fənnin içərisində tədris olunsa, daha yaxşı olardı. Çünki şagirdlər fakultativ və dərsdənkənar məşğələyə ciddi yanaşmırlar".