"Bu tələbələr bizə praktikaya gəliblər, nə az, nə çox, 20 nəfər. Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında oxuyurlar. Bizə göndəriblər ki, heç olmasa kompüter öyrənsinlər. Deyirəm, necə yəni, sizdə kompüter yoxdur? Yox, deyirlər. Son kursda oxuyurlar, hələ də kompüterdə işləməyi bacarmırlar. Özü də ödənişli təhsil alırlar, ilə 800 manat ödəyirlər. Arzuları qrafik dizayner olmaqdır. Müəllimləri deyir ki, bitirin, diplom alın sonra kurslara gedərsiz".
Bu fikirləri naşir, tərcüməçi-yazar, Şahbaz Xuduoğlu öz feysbuk hesabında paylaşıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Cahid İmanlı bildirib ki, bu çox absurd bir məsələdir :
"Çünki tələbənin özünü təkminləşdirməyi üçün şərait lazımdırsa, üniversitetdə bu istiqamətdə baza yaradılmalıdır. Bu biliklərə yiyələnmək ödənişli təşkil olunsa da, ali məktəblərin nəzdində tətbiq olunmalıdır. Əgər, tələbə həmin ixtisasda oxuya-oxuya gedib başqa yerdə praktiki bacarıqlara yiyələnəcəksə, niyə əziyyət çəkib universitetə daxil olur? Tələbələr kursa gedərək biliklərini daha da artıra bilərlər. Eyni zamanda bu məsələ xarici dil üzrə təhsil alan tələbələrə də aiddir. Bəzən olur ki, tələbə tədrisi ingilis dilində olan hansısa bir ixtisasa qəbul olub, amma ingilis dilində danışmağı bacarmır. Nəticədə onlar kurslara müraciət etməyə məcbur olurlar. Bir sözlə, ali məktəblərdə praktiki bacarıqları inkişaf etdirmək üçün şərait yaradılmır".