“2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu il sertifikatlaşdırma imtahanından kəsilənlər 2024-cü ildə yenidən imtahan vermək şansı qazanıblar:
“2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsini planlaşdırırıq”.
Nazir əlavə edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər:
“Bu proses tədricən həyata keçiriləcək. İkinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfimizdir. Hələlik bu adlar müzakirə edilir. Çünki fərqləndirilmə olduqca önəmlidir. Əsas məsələlərdən biri də müəllimlərin yarımştatdan tam vəzifəyə keçirilməsidir. Prosesi səbirlə və mərhələli yerinə yetirsək, növbəti üç il ərzində müəllimlərin hazırlıq səviyyəsi, əməkhaqları daha da yaxşılaşacaq”.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu addımın atılması heç nəyi dəyişdirmiyəcək:
"Sadəcə olaraq müəllimlər arasındakı rəqabətliliyi, keyfiyyət faktorunu gücləndirəcək. Nəzərə çatdıraq ki, MİQ müsabiqəsi çox şəffaf keçirilir. Bu səbəbdən yüksək bal toplayan müəllimlərə əlavə vəzifə verilməsini təqdirəlayiq bir addım hesab edirəm. Ancaq direktorların yüksək bal toplayan müəllimlər arasından seçilməsi o qədər də ürəkaçan deyil. Göstəricilərdən bəllidir ki, müəllimin informasiya bazası çoxdur, ancaq direktor olmaq rəhbərlik və idarəçilik bacarığı tələb edir. Buna görə bu məsələni doğru hesab etmirəm. Onu da qeyd edim ki, bu konkret verilmiş bir qərar deyil. Gələcəklə bağlı irəli sürülmüş bir ehtimaldır. ".