Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib. "Bu Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdı. İstisna etmirəm ki, müəyyən universitetlər köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illər ərzində bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə biləcək”- Komitə sədri əlavə edib.
Bəs, təhsil ekspertləri bu barədə nə düşünür? Hansı universitetlərin köçürülmə ehtimalı var?
Məsələ ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu dünya təcrübəsində də belədir :
"Günümüzdə Azərbaycan universitetlərinin paytaxtdakı tıxaca o qədər də səbəb olmadığını deyə bilərik. Buna görə də köçürülmə aparılmasına ehtiyyac yoxdur. Çağdaş təhsil modelinə uyğun olaraq ali təhsil müəsisənin paytaxtın mərkəzində deyil, kənarda yerləşdirilməsi daha məqbuldur. Uzun illərdir ki, bu sistem həyata keçirilir. Çünki uğurlu kampusu olacaq universitet buna şəhərətrafında nail olacaq. Kampus böyük bir sistemdir. Onun tabeliyində tələbələr üçün klinika, əyləncə mərkəzi, kinoteatr, satış subyekti, yataqxanalar, kitabxanalar, texnoparklar olmalıdır. Bu bir növ kiçik şəhərcikdir. Bu sistem paytaxtın mərkəzində yaradıla bilməz. Həqiqətən ali təhsil müəsisələrinin təhsil mexanizminə, əlçatımlı böyük kompos sisteminin təşkilinə görə addım atılırsa, bunu təqdirəlayiq hesab edirəm. Universitet olduğu yerə dinamik həyat gətirir. Düşünürəm ki, köçürüləcək ərazi həmin univeristetin sayəsində ikiqat canlanmaya şahidlik edəcəkdir. Bakı Dövlət Universitetinin köçürüləcəyinə isə inanmıram. Çünki onun çox böyük həyəti var. Tam kompos sisteminə cavab verməsə də ən azından genişlik var".