Dərsləri pozan mobil telefonlardır: Müəllimlərə də qadağan olunmalıdır

Qazaxıstan Senatı məktəblərdə dərs zamanı mobil telefondan istifadəyə qadağa qoyulmasını təklif edən qanunu təsdiqləyib.
 Bu barədə Senatın saytında məlumat yerləşdirilib.

Qanun orta təhsil müəssisələrində mobil rabitə vasitəsindən istifadə qaydalarının təsdiq edilməsini, zorakılığı təşviq edən, intihara sövq edən və ya dini xarakter daşıyan məlumatların təhsil müəssisələrində yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini nəzərdə tutur.
Azərbaycanda da bu məsələ öz aktuallığını qorumaqdadır. Ölkədə belə bir qanuna ehtiyac varmı?

Təhsil eksperti Kamran Əsədov "Sherg.az"a açıqlamasında ölkədəki təhsil müəssisələrinin elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qaldığını qeyd edib: 

"Hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur".

Ekspert  buna baxmayaraq orta məktəb şagirdinə mobil telefonun valideynləri ilə əlaqə saxlamaq üçün vacib olduğunu vurğulayıb:
"Yəni şagird məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyininə operativ məlumat verir. Amma bunun üçün təklif edirəm ki,  orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar.
Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tətqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər".
K. Əsədov elektron vasitələrin, mobil telefonların şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxardığını söyləyib: 
"Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki, dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur.
Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə, orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar.
Çalışmalıyıq ki, məktəblərdə neqativ hallar yaşanmasın və telefonlar dərsə mane olmamaq səbəbindən yığılsın. Belə olarsa, atılan addımları müsbət dəyərləndirirəm. Ölkəmizdə 1 milyon 600 min şagird təhsil alır və demək olar ki, onların hər biri mobil telefon işlədir. Belə olduğu halda orta məktəblərdə təhsilin yüksək keyfiyyəti barədə danışmaq düzgün deyil.
Dünya ölkələrində də bundan istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib".
Ekspert  ölkəmizdə belə bir qadağanın tətbiq olunmasının  təhsilin keyfiyyətinə yalnız müsbət təsir edəcəyini bildirib:

"Mobil telefonlar təkcə biz böyüklərin deyil, uşaqların, gənclərin də həyatının ayrılmaz bir hissəsinə, özü də böyük bir hissəsinə çevrilib. Zərərlərini açıq-aşkar hiss etsək  də bunu qadağan etmək, qarşısını almaqdansa, düzgün istiqamət göstərmək, yerində və məqamında əsaslandırılmış maarifləndirmə işlərinə üstünlük vermək daha faydalı olar. Müasir cəmiyyətdə  haqlı olaraq şagirdlərin məktəbə mobil telefonla gəlməsi, ondan yerli və yersiz istifadə etməsi tez-tez müzakirə mövzusuna çevrilir. Səbəbi isə müxtəlifdir. Mobil telefonlar məktəbin, müəllimin işinə maneçiliklər yaradır, şagirdlərdə müəyyən asılılıq, psixoloji və əxlaqi problemlər törədir. Əlbəttə ki, bununla razılaşmamaq da olmaz. Amma bütün səbəblərin şagirdlərin məktəbə telefonsuz gəlməsi ilə aradan qaldırılacağını da düşünmək sadəlövhlük olardı. Təlim -tərbiyə mühitinin pozulmasında şagirdlərin telefondan istifadəsinin səbəb olduğuna dair kifayət qədər nümunələr gətirmək olar. Bunun da əsas səbəblərindən biri adətən əlaqə vasitəsi kimi düşünülmüş mobil telefon aparatının bu gün daha çox imkanlara malik olmasıdır ki, bu imkanlardan istifadə edərək şagirdlərin müəyyən bir hissəsi sosial şəbəkələrə qoşulur, şəkil çəkir, oyunlar oynayır, internet saytlarında zaman keçirir, sinifdə baş verən xoşagəlməz hadisələri telefonun yaddaşına köçürür. 
Düşünürəm ki, azacıq çətinliyə düşən kimi qadağadan əvvəl müəyyən mexanizmlərin düşünülməsi, maarifləndirmə tədbirlərinin aparılması daha faydalı olardı. Əlbəttə ki, qadağalar da ola bilər, amma ən asan yol olan qadağaların da həmişə faydalı olacağını, başqa fəsadlar yaratmayacağını düşünmək sadəlövhlük olardı. Valideynin övladına nəzarət etmək, izləmək, xüsusilə təhlükəsizliyini təmin etmək, zərərli vərdişlərə qurşanmamaq, uyğun olmayan dairələrin təsirinə düşməmək məqsədilə övladına verdiyi əlaqə telefonunun qadağan edilməsinin yarada biləcəyi fəsadlar daha çox ola bilər. Maarifləndirmə işlərini gücləndirməli, müəllimlərin dözümlülüyünə və dərslərinin keyfiyyətli tədris edilməsinə nail olunması, şagirdlərin telefonlardan dərs zamanı istifadəsinə ciddi nəzarət edilməsi və deyilənlərə məhəl qoymayanlarla bağlı tədbirlər görülməsini və hətta onun məktəbə telefon gətirməsinə müəyyən müddət qadağa da qoyula bilməsi daha düzgün olardı".