Repetitorluq fəaliyyəti dayandırılacaq? -ŞƏRH

Əgər repetitorluq olmasaydı, təhsilimiz tamamilə iflasa uğrayardı

Bu fəaliyyətin leqallaşması, rəsmiləşdirilməsi üçün lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı


  Baş nazir Əli Əsədovun yenidən bu vəzifəyə təsdiqlənməsi mərasimində hökumət başçısına bəzi suallar da ünvanlanıb. Millət vəkili Qüdrət Həsənquliyev bir çox digər məsələlərlə yanaşı “hökumət repetitorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü?” soruşub. Baş nazirin cavabı hələ ki yoxdur. Bəs ekspert hansı fikirdədir? 

Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əfsuslar olsun, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksəriyyətində təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir: 
- Bunun səbəbləri kifayət qədər dərindir. Fikrimcə, öncə bu vəziyyət siyasi faktorlarla bağlı, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. 
Əslində, təhsildə kütləvi şəkildə repetitorluq  modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtlı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.
 
 K.Əsədov qeyd etdi ki, son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır.  Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər: 
- Yəni valideyn iki repetirora 200 manat verməkdənsə, 5 fənnə göndərir kursa, tədris mərkəzinə övladını və iki repetitora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar. Bundan başqa, bildiyimiz kimi şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər.  
  K.Əsədov təklif edir ki, repetitorluq fəaliyyəti leqallaşdırılsın: 
- Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndələrinin tərkibində olacağı bir komissiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyətlərinə  icazə verilməlidir. Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır. Təəssüf ki, bu gün repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da var. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.