Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi sertifikasiya imtahanında maksimal nəticə göstərib.
Bu barədə Den.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Sözügedən məktəbdə 41 ildir riyaziyyat fənnindən dərs deyən Həkimə Məmmədova 62 yaşında sertifikasiya imtahanında könüllü iştirak edərək 56 bal toplayıb.
Qeyd edirik ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllüdür.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, hazırda Azərbaycanın 4432 orta ümumi təhsil mərkəzində 150 min müəllim çalışır:
“150 min müəllimin 20 faizə qədərinin yaşı 60-ın üzərindədir. Etiraf edək ki, sertifikasiyanın ilk vaxtlarında yaşı çox olan müəllimlər texniki avadanlıqlardan istifadə etməkdə çətinlik çəkirdilər. Ancaq yaşlı nəslin nümayəndələrinin bilik və bacarıqları kifayət qədər yaxşıdır. Ümumi olaraq isə imtahanda iştirak etmək üçün səhhətləri və psixoloji vəziyyətləri çətin idi. Artıq sertifikasiya bizim müəllimlərimiz üçün yaxşı meydana çevrilib. Burada yaşından asılı olmayaraq hər kəs öz bilik və bacarıqlarını nümayiş etdirməkdə maraqlı olur. Yaşı 60 dan çox olan müəllimlərin sertifikasiyada iştirakı könüllü olsa da, onların arasında kifayət qədər yaxşı nəticələri olanlar da var. Hesab edirəm ki, 62 yaşlı müəllimin sertifikasiyadan yüksək nəticə toplaması, həmin müəllimin peşəsinə nə qədər vurğun olduğunu və orta məktəbdə işləməsinin vacibliyini göstərir".
Ekspert qeyd edib ki, riyaziyyat və ingilis dilində təqdim edilən suallar kifayət qədər yaxşı idi:
"Bütün suallar orta məktəb proqramından gündəlik tədris zamanı istifadə etdikləri dərslik və materiallardan düşmüşdü. Ona görə də müəllimlərin hazırlığını nəzərə alsaq görərik ki, kəsilənlərin sayı azdır. İbtidai sinif müəllimləri arasında 4 minə yaxın şəxs kəsilmişdi. Ancaq baxırıq ki, riyaziyyat müəllimlərinin müsabiqədən kəsilmə faizi çox aşağıdır. Bu isə onu göstərir ki, müəllimlər öz üzərində işləyir, imtahan prosesinə ciddi hazırlaşırlar. Müəllimlərin nəticələrinin yaxşı olması tədrisin keyfiyyətinə də birbaşa təsir göstərir. Hesab edirəm ki, sertifikasiya Azərbaycan təhsil inkişafına müstəsna xidməti olacaq və təkan verəcək. Müəllimlərin bilik və bacarıqları nə qədər yüksək olarsa, onlar tədrisdə keyfiyyəti təşkil edəcək və qarşıdakı şəxsləri öyrədə biləcəklər”.