Kənar müdaxilə ehtimallarına qarşı təhlükəsizlik tədbirləri görülməlidir
Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu barədə Təhsil Nazirliyi ilə danışıqlar aparılıb: “Artıq yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq”.
Təhsil üzrə mütəxəssis Elçin Süleymanov hesab edir ki, 100.000-ə yaxın abituriyentin iştirak etdiyi imtahanlarda rəqəmsal texnologiyaların istifadəsi hələ tezdir”.
Onun sözlərinə görə, rəqəmsal sistemlər insan faktoruna olan asılılığı, xüsusilə nəzarətçi sayını minimuma endirir:
“Gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə keçirilməsi imtahan prosesinin müxtəlifliyinə töhfə verə bilər. Lakin bu sistemin bütün ölkə üzrə tətbiqi hələ ki, çətinliklər doğurur. Xüsusilə blok (qəbul) kimi 100.000-ə yaxın abituriyentin iştirak etdiyi imtahanlarda rəqəmsal texnologiyaların istifadəsi hələ tezdir. Çünki burada yalnız internet bağlantısı və şəxsi hesabla imtahana daxil olmaq yetərli deyil”.
Ekspertin fikrincə, imtahanların təhlükəsizliyi, kənar müdaxilələrdən qorunması və nəzarətin effektiv şəkildə təmin edilməsi də vacib məsələlərdəndir:
“Bunun üçün yalnız Bakıda deyil, regionlarda da, Bakıdakı mərkəzlərə bənzər müasir imtahan mərkəzlərinin qurulması zəruridir. Bu infrastruktur təmin edildikdən sonra rəqəmsal sistemə keçid mümkündür. Belə mərkəzlərdə imtahanları eyni gündə deyil, müxtəlif tarixlərdə təşkil etmək lazım gələcək. Çünki rəqəmsal sistemlər insan faktoruna olan asılılığı, xüsusilə nəzarətçi sayını minimuma endirir. Bu, beynəlxalq "TOEFL" və "IELTS" imtahanlarında olduğu kimi, fərqli tarixlərdə keçirilən imtahan cədvəllərinin yaradılmasını təmin edə bilər”.
O əlavə edib ki, ilk mərhələdə “TOEFL” və “IELTS”ə bənzər bir sistem qurulması mümkündür:
“Bu sistem vasitəsilə qeydiyyatdan keçmiş imtahan mərkəzlərinin nəticələri universitetlər tərəfindən qəbul edilə bilər. Hazırda Azərbaycanda bəzi qabaqcıl universitetlər beynəlxalq məktəb məzunlarını "SAT" və digər cari nəticələr əsasında qəbul edir. Belə bir rəqəmsal imtahan sistemi tətbiq edildikdə isə abituriyentlərə, beynəlxalq məktəb məzunlarına, həmçinin Azərbaycanda təhsil almaq istəyən xarici vətəndaşlara geniş imkanlar yaranar. Onlar rəqəmsal imtahanlarda iştirak edib öz nəticələri ilə universitetlərə müraciət edə bilərlər”.
Digər təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, imtahanların rəqəmsal formaya keçirilməsinin daha çox müsbət tərəfləri olacaq. Onun sözlərinə görə, imtahanların rəqəmsal formaya keçidinin müsbət məqamları ondan ibarətdir ki, namizədlər imtahan verdikdən dərhal sonra imtahan nəticələri barəsində məlumat ala biləcəklər:
“Açıq yazılı suallar saxlanılsa da, onların yoxlanılması 3-4 həftə deyil, fikrimcə, 5-10 gün ərzində həyata keçirilə bilər. Bundan əlavə, elektron imtahanların müsbət tərəflərindən biri namizədin kompüter arxasında əyləşərək sualları cavablandırması olacaq ki, bu, imtahan verənlər üçün daha əlverişlidir. Çünki əlavə kağız daşıyıcılarda kağızın zədələnməsi, müəyyən səhvlərə yol verilməsi kimi problemlər var. İmtahanlar kompüterlə olanda bu kimi hallar olmayacaq. Bundan başqa, imtahanları rəqəmsallşadıra bilsək, bir yox, bir neçə vaxtda imtahan keçirmək olar. Məsələn, buraxılış imtahanı yalnız bir dəfə keçirilir. Bunu artıq bir neçə cəhd formasında etmək olar”.
Prosesin mənfi tərəflərinə gəldikdə isə ekspert qeyd edib ki, ümumi prosesə kənar müdaxilələrin olma ehtimalı var:
"Lakin bunun qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin görüləcəyini güman edirəm. Yəqin ki, kibertəhlükəsizlik yüksək səviyyədə təşkil ediləcək".