“Dərs müddətinin azaldılması vacibdir. 5 dəqiqəlik tənəffüs uşaqların sosiallaşmasına kifayət etmir”
Orta məktəblərdə dərs dəqiqələrinin azaldılması, tənəffüs müddətinin artırılması təklif olunur. Mütəxəssislər hesab edir ki, belə olduqda fiziki aktivliyin artması sayəsində şagirdlər fənləri daha yaxşı mənimsəyə bilər. Bu təkliflə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov çıxış edib. Sosial şəbəkədə paylaşım edən K.Əsədov qeyd edib ki, məktəbdə öyrənməni artırmaq üçün dərslər 40 dəqiqə, dərsarası kiçik tənəffüslərsə 5 deyil, 10 dəqiqə edilməlidir:
- Tədqiqatlar göstərir ki, şagirdin diqqəti 45 dəqiqəlik dərs ərzində tədricən zəifləyir. ABŞ-də aparılan ölçmələrdə (Bunce, 2010) təsdiq olunur ki, şagirdlərin diqqəti dərs irəlilədikcə qısa aralıqlarla azalır və sonra yenidən toparlanır. Psixologiya üzrə meta-təhlillər (Cepeda, 2006) təsdiq edir ki, “spaced practice” – yəni öyrənmənin qısa bloklara bölünməsi daha effektlidir. Pellegrini (2008) isə yazır: “Recess öyrənməni paylayır və idrakı gücləndirir”. Qısa fiziki fasilələr şagirdlərin dərhal diqqətini və intizamını artırır (Mahar, 2006; sistematik icmal, 2021). Finlandiyada illərdir tətbiq olunan model də buna uyğundur: 45 dəqiqə dərs, 15 dəqiqə fasilə. Bu, öyrənmə keyfiyyətini yüksəldən əsas səbəblərdən biridir. Nəticə: 40+10 ritmi daha çox fokus, daha sağlam sinif mühiti və daha yaxşı nəticələr deməkdir. Təhsil elmlə idarə olunanda uğur gətirir. Elm də göstərir ki, qısa və səmərəli dərs + real fasilə = yüksək nəticə.
K.Əsədovun təklifini təhsil mütəxəssisləri də bəyənir. Eyni zamanda, burada digər bir problemin – şagird sıxlığının da həll olunması vacib hesab edilir.
Qeyd edilir ki, ölkənin ümumtəhsil məktəblərində həll olunmalı vacib problemlərdən biri siniflərdə şagird sıxlığının azaldılmasıdır. Qanunvericiliyə görə, məktəbin yerləşdiyi regiona görə bir sinif - 28-48kv.metrlik otaqlar 20-24 şagird üçün nəzərdə tutulur. Bir şagirdə bir sinifdə 2-2,5kv metr düşməlidir ki, o, sağlam şəraitdə oxuya bilsun. Əgər bir sinifdə 30-45 şagird varsa, məktəblər 2, hətta 3 növbəlik də olsa, problemi həll etmək mümkünsüzdü. Şagird sıxlığı məsələsini həll etmədən bu təklifinizin heç bir faydası olmayacaq. Tənəffüslərsə istənilən halda 10 dəqiqə olmalıdır.
K.Əsədov bildirib ki, siniflərin normativlərə uyğun şagird sıxlığı təmin olunmadan dərs müddəti və tənəffüs dəyişiklikləri istənilən effekti verməyəcək. Qanunvericilikdə göstərilən 1 şagirdə 2–2,5 kv.m norma gözlənilmədikcə, 30–45 nəfərlik siniflərdə nə tədrisin keyfiyyəti yüksəlir, nə də sağlam mühit formalaşır. Ona görə də dəyişiklik mütləq edilməlidir və paralel olaraq şagird sıxlığı məsələsinin həlli əsas prioritet olmalıdır.
Təhsil məsələləri üzrə mütəxəssis Tural Abasquliyev də Sherg.az-a açıqlamasında dərs müddətinin azaldılmasının vacib olduğunu dedi:

- Hazırda dünyada, o cümlədən də ölkəmizdə uşaqların assosiallaşması prosesi gedir. Əvvəllər məhəllə, qonşu anlayışı vardı, qohum-əqrəba, dost-tanış anlayışı vardı. Uşaqlar məhəlləyə, küçəyə çıxır, yaşıdlarıyla oyunlar keçirir, söhbət edirdilər, qohumlar bir-biriylə tez-tez görüşürdülər. Dayıoğlu, xalaoğlu, bibi uşaqları və sair arasında dostluq bağları, ünsiyyət olurdu. Müasir dövrdə uşaqların böyük əksəriyyəti bundan məhrumdur. Uşaqların “dostu” da, “tanışı” da mobil telefon, smartfonlar, planşet, elektron vasitələr, kompüter oyunlarıdır. İndi uşaqlar ən sevimli məşğuliyyətləri olan futbolu da təkbaşına - smartfon və ya planşet, ya da televizora yutub kanalı yükləyərək oynayır. Uşaqların sosiallaşması ancaq məktəbin ümidinə qalıb. Dərslərarası tənəffüs isə 5 dəqiqədi. 5 dəqiqədə şagird neyləsin, ayaqyoluna getsin, yemək almaq üçün bufetə getsin, yoxsa sinif yoldaşları ilə söhbət etsin. Bir sinifdən çıxıb, növbəti fənn üçün o biri sinfə getmək elə 5 dəqiqə vaxt aparır. Sosiallaşma ciddi bir ehtiyacdır. Emosional intellekti yüksək uşağın formalaşması yalnız sosial mühitdə mümkündür. Emosional intellektin zəif olması, uşaqların assosial olaraq formalaşmasını şərtləndirir, bu da gələcəkdə onların uğurlu insan olmasına, həmçinin ümumən cəmiyyətin də inkişafına dolayısıyla mənfi təsir edir. Unutmayaq ki, təhsil fəlfəsi dövlətin, dövlətçiliyin, ayrı-ayrı sahələrin gələcəyidir həm də.