Bir neçə ölkədən Azərbaycana toyuq əti və yumurta gətirilməsinə məhdudiyyət qoyulub.Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrailin şimal, mərkəz dairələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Rusiyanın Yaroslavl vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Kot-d'İvuar Respublikasının Komoe rayonunda, Benin Respublikasının Veme inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İspaniyanın Estremadura muxtar icmasında süngərvari ensefalopatiya xəstəliyi, Rusiyanın Xantı-Mansi muxtar dairəsində Nyukasl xəstəliyi qeydə alınıb. İsrailin şimal və mərkəz dairələrindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, İspaniyanın Estremadura muxtar icmasından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Yaroslavl vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, genetik materialların, Kot-d'İvuar Respublikasının Komoe rayonundan, Benin Respublikasının Veme inzibati ərazi vahidindən və Rusiyanən Xantı-Mansi muxtar dairəsindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Rusiya, İspaniya, Kot-d'İvuar və Benin Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Sözügedən məhdudiyyət barədə “Sherg.az”a danışan iqtisadçı- alim Nazim Bəydəmirlinin fikrincə, bunun ölkəmizə təsiri də istisna deyil:
“Ət məshullarını istehsalı çox asandır. Əksər ölkə özü öz ehtiyaclarını ödəyir. Təəssüf ki, biz öz ehtiyacımızı təmin edə bilmirik. Azərbaycanda bu sahənin inkişafı ilə əlaqədər münbit şəraitin olmasına rəğmən, istifadə edilmir. Çünki ciddi saxtakarlıqlar var. Yaranan ajiotaj fonunda ölkədə həmin məhsullar bahalaşa bilər”.
N.Bəydəmirlinin sözlərinə görə, bunun əsas səbəbları müvafiq qurumlardır:
“Müxtəlif nazirliklər yanlış informasiya verirlər. Ortada doğru-dürüst statistika yoxdur. Guya ki, quşçuluq məhsullarının istehsalı yüksək səviyyədədir. Elə isə niyə idxal olunur?! İqtisadiyyat Nazirliyi sözügedən məsələnin həllini tapmadığına görə cavab verməlidir.
Xüsusilə orta təbəqənin quşçuluq məhsullarından istifadə etdiyini nəzərə alsaq, deməli, hökumət bu barədə bir daha düşünməlidir.
Dediyim kimi, müvafiq qurumların əməli ilə sözü üst-üstə düşmür”.