Dövlət özəl bağçalara dəstəyi artırır? - Ekspert yeni modelin pərdəarxasını açıqladı

  • Daha çox uşaq məktəbəqədər təhsilə cəlb olunacaq

Məktəbəqədər təhsilin daha çox uşaq üçün əlçatan olması və dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi istiqamətində yeni mərhələ başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) özəl bağçaların maliyyələşdirilməsi ilə bağlı yeni müsabiqə şərtlərini açıqlayıb. Agentliyin direktor müavini Vəfa Yaqublunun sözlərinə görə, bu il 8 min uşağı əhatə edəcək proqramda əsas seçim meyarlarından biri maliyyə səmərəliliyi olacaq.

Yeni şərtlərə əsasən, maliyyə vəsaiti əvvəlcədən birdəfəlik ayrılmayacaq, ödənişlər uşaqların davamiyyəti mütəmadi izlənilməklə aylıq əsasda hesablanacaq. Rəsmi şəxs əlavə edib ki, təhsil haqqı yüksək olan bağçaların müsabiqədə qalib gəlmək şansı daha aşağıdır. Eyni zamanda Agentlik yay aylarında məzuniyyət dövrünü və mövsümi amilləri nəzərə alaraq, özəl məktəbəqədər təhsil müəssisələrinə maliyyə vəsaitinin ayrılmayacağını bəyan edib.

Bəs dövlətin özəl bağçalar üçün bu cür sərt şərtlər qoymaqda əsas məqsədi nədir?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, məqsəd özəl məktəbəqədər təhsil müəssisələrini təcrid etmək deyil:

“Əksinə, onları dövlətin məktəbəqədər təhsilinin əhatə dairəsini genişləndirmək siyasətinə tərəfdaş kimi cəlb etməkdir. Azərbaycanda, xüsusilə də paytaxtda yeni dövlət bağçalarının tikintisi həm torpaq sahələrinin məhdudluğu, həm də yüksək maliyyə tutumu baxımından kifayət qədər çətin məsələdir. Bu baxımdan özəl bağçaların potensialından istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması səmərəli yanaşmadır. Vəfa xanımın səsləndirdiyi fikirlər də mahiyyət etibarilə bu məqsədə xidmət edir”.

Ekspertin sözlərinə görə, təhsil haqqı daha yüksək olan bağçaların müsabiqədə üstünlük qazanmaması dövlət vəsaitinin sosial ədalət prinsipi əsasında bölüşdürülməsinə hesablanıb:

“Məqsəd dövlət dəstəyinin həssas qrupdan olan ailələrin övladlarına çatmasını təmin etməkdir. Davamiyyətin izlənilməsi ayrılan büdcənin təyinatı üzrə, real xidmət göstərilən uşaqlara xərclənməsini təmin edən vacib audit mexanizmidir. Müqavilələrin 10 aylıq bağlanması da məktəbəqədər təhsil müəssisələrinin faktiki fəaliyyət dövrünə uyğun maliyyələşmə modelinin tətbiqi kimi qiymətləndirilə bilər. Əsas məsələ odur ki, sözügedən modelin effektiv tətbiqi məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə mühüm töhfə verəcək”.

Ə.Həsənli onu da qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsilə cəlbetmə göstəricilərinin artırılması dövlətin strateji hədəflərindən biridir:

“Dövlət bunu təkcə yeni bağçalar tikməklə deyil, özəl sektorla əməkdaşlıq etməklə də həyata keçirir. Bununla yanaşı, müsabiqə meyarlarının şəffaflığı, keyfiyyət göstəricilərinin düzgün qiymətləndirilməsi və maliyyələşmənin davamlı nəzarət mexanizmləri ilə müşayiət olunması son dərəcə vacibdir. Beləliklə, həm dövlət vəsaitlərinin səmərəliliyi və optimallığı təmin ediləcək, həm də daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə əlçatanlığı reallaşacaq".