Məktəblərdə şagird sayının azalması sırf təhsillə bağlı problem deyil, kəndlərin ümumi sosial-iqtisadi tənəzzülünün ən bariz göstəricisidir
"Təhsil islahatları adı altında həyata keçirilən ən acımasız və bürokratik qərarlardan biri, heç şübhəsiz, bölgələrdəki kənd məktəblərinin kütləvi şəkildə bağlanmasıdır".
Sherg.az xəbər verir ki, bu sözləri təhsil eksperti Vüqar Məmmədov deyib.
Ekspertin sözlərinə görə, şagird sayının azalmasını əsas gətirərək bütöv bir kəndi, bölgəni və ən əsası uşaqları təhsildən məhrum etmək, sadəcə binaların qapısına qıfıl vurmaq deyil, həm də o bölgənin gələcəyini məhv etməkdir:

"Təəssüf ki, müvafiq qurumlar problemi kökündən həll etmək əvəzinə, ən sadə və ağrısız görünən yolu – "bağlansın" yolunu seçirlər. Halbuki bu cür qərarların arxasında heç bir dərin təhlil, fədakar yanaşma və ya strateji uzaqgörənlik dayanmır; ortada yalnız kağız üzərindəki quru rəqəmlər var. Elm və Təhsil Nazirliyi və MÜTDA üçün məsələyə yalnız statistik göstəricilər prizmasından yanaşmaq ən asan prosedurdur. Belə bir qərarı vermək üçün yüksək elmi dərəcəyə, pedaqoji həssaslığa və ya mürəkkəb tədqiqatlara ehtiyac yoxdur; sadəcə şagird sayının müəyyən normativdən aşağı düşməsini bəhanə etmək kifayətdir. Lakin ən vacib sual verilmir: niyə məhz həmin ərazidə şagird sayı kəskin şəkildə azalır? Səbəbləri araşdırmadan, vəziyyəti doğuran fundamental amillərlə mübarizə aparmadan yalnız nəticəyə qarşı inzibati tədbir görmək, xəstəliyi müalicə etmək əvəzinə xəstəni ölümlə baş-başa buraxmağa bənzəyir".
V. Məmmədov qeyd edib ki, hər bir kənd məktəbi sadəcə dörd divar və bir damdan ibarət deyil, onun bir keçmişi, nəsillərdən-nəsillərə ötürülən ənənələri və o divarlar arasında yetişmiş minlərlə insanın xatirəsi var:
" Məktəblərin bağlanması qərarı verilərkən onların vaxtilə nə qədər şagirdə ev sahibliyi etdiyi, bölgə üçün daşıdığı mənəvi, intellektual və tarixi əhəmiyyət tamamilə diqqətdən kənarda qalır. Hər bölgənin özünəməxsus spesifik xüsusiyyətləri, o kəndin qürur mənbəyi olan ziyalıları var. Məktəbi bağlamaqla, əslində həmin ənənələrin üzərindən birdəfəlik xətt çəkilir, kəndin elmi və tarixi yaddaşı silinir. Belə ciddi nəticələr doğuran qərarlar qəbul edilməmişdən öncə heç bir xüsusi komissiyanın yaradılmaması, vəziyyətin dərindən öyrənilməməsi ən böyük idarəetmə boşluqlarından biridir. Həmin kəndin bələdiyyəsi, illərini o torpağa vermiş ağsaqqalları və ya rayonun icra hakimiyyəti nümayəndələri ilə bir araya gəlib ortaq çıxış yolları axtarılmır. Məktəbi xilas etmək, ehtiyac olduqda alternativ təhsil formaları tətbiq etmək barədə heç bir ictimai müzakirə aparılmır. Yuxarıdan aşağıya diktə edilən birmənalı qərarlar yerli əhalinin səsini, ehtiyaclarını və narahatlıqlarını tamamilə boğur".
Ekspertin fikrincə məktəblərdə şagird sayının azalması sırf təhsillə bağlı problem deyil, kəndlərin ümumi sosial-iqtisadi tənəzzülünün ən bariz göstəricisidir:
" İnsanlar o kəndləri niyə tərk edirlər? Çünki orada normal kitabxana yoxdur, tibb məntəqələri fəaliyyət göstərmir, gənclərin işləməsi və əhalinin xoş güzəranı üçün heç bir real addım atılmır. Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün lazımi güzəştlər və stimullaşdırıcı tədbirlər görülmədikdə, kənddən şəhərə miqrasiya qaçılmaz olur. Bu qədər kompleks problemin həlli istiqamətində addım atmaq əvəzinə, yükü məktəbin bağlanması ilə "yüngülləşdirmək" böyük bir laqeydlikdir. Məktəbin bağlanması reallıqda bir kəndin ölüm fərmanının imzalanması deməkdir. Təhsil ocağı olmayan bir ərazidə heç bir gənc ailə yaşamaq, övlad böyütmək və gələcək qurmaq istəməyəcək. Bu qərar kəndlərin daha sürətlə boşalmasına, paytaxta doğru urbanizasiyanın nəzarətdən çıxmasına və kənd təsərrüfatı potensialının məhvinə gətirib çıxaracaq. Təhsil yalnız fərdin deyil, həm də o cəmiyyətin, o cümlədən ən ucqar kəndin həyat damarıdır; o damarı kəsmək, gələcəkdə qarşısıalınmaz demoqrafik və iqtisadi böhranlara yol açmaq deməkdir. Bütün bu suallar və həlli gözləyən dərin problemlər fonunda, səlahiyyət sahiblərinin çıxış yolu axtarmaqdan imtina edib sadəcə qapını bağlayıb getməsi qəbuledilməzdir. Bu gün "sadə prosedur" adlandırılan və asanlıqla icra edilən bu qərarların fəsadlarını sabahkı Azərbaycan cəmiyyəti ən ağır şəkildə hiss edəcək. Problemlərlə üzləşmək və onları həll etmək əvəzinə yox saymaq heç bir quruma başucalığı gətirməz".