Arda Gülər üçün 115 milyon avroluq təklif: “Fənərbaxça” da qazanacaq

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər üçün PSJ-dən 115 milyon avroluq təklif gəldiyi iddia olunur.

Sherg.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, Fransa klubu 21 yaşlı futbolçunun transferi üçün “Real Madrid”ə 115 milyon avro təklif edib. Madrid təmsilçisinin təklifi dəyərləndirdiyi, PSJ-nin isə rədd cavabı alacağı halda danışıqları davam etdirməyə hazır olduğu bildirilir.

Transfer baş tutarsa, Arda Gülərin sabiq klubu “Fənərbaxça” da bundan gəlir əldə edəcək. İstanbul klubunun futbolçunun növbəti satışından 20 faiz pay hüququ olduğu bildirilir.

115 milyon avroluq transfer reallaşacağı təqdirdə “Fənərbaxça”nın təxminən 23 milyon avro qazanacağı gözlənilir.

Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real Madrid”ə 20 milyon avro və bonuslar qarşılığında transfer olunmuşdu. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.