Tramp İranla müharibəni nüvə sazişi olmadan bitirə bilər

ABŞ Prezidenti Donald Tramp İranla hərbi əməliyyatları Tehranın Hörmüz boğazını tam açmasına zəmanət verməsi şərti ilə nüvə sazişi olmadan dayandırmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton əsas prioriteti yeni nüvə sazişinin əldə olunmasından Hörmüz boğazında kommersiya gəmiçiliyinin bərpasına yönəldib. ABŞ maneəsiz dəniz nəqliyyatının bərpasını münaqişənin başa çatdırılması üçün əsas şərt hesab edir.

Lakin İran hərbi əməliyyatların tam dayandırılmasını, ABŞ qüvvələrinin bölgədən çıxarılmasını, dəniz blokadasının aradan qaldırılmasını, təzminat ödənilməsini və dondurulmuş aktivlərin açılmasını tələb edir.

Tehran həmçinin ABŞ hərbi gəmilərinin Hörmüz boğazından çıxarılmasını və kommersiya gəmilərindən tranzit haqqı tutulmasını istəyir. Vaşinqton bu tələbləri rədd edir.

ABŞ rəsmiləri bildiriblər ki, Hörmüz boğazında gəmiçilik tam bərpa olunarsa, Vaşinqton müddətsiz atəşkəsə və liman blokadalarının aradan qaldırılmasına hazırdır.