Analitik: “Patriot” sistemlərinə tələbatın artması ABŞ üçün ciddi resurs planlaşdırması tələb edir

Əhməd Şahidov: ABŞ-ın silah ehtiyatlarının azalması ilə bağlı müzakirələrə səbəb “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya əvvəlki həcmdə verilməməsidir

ABŞ-ın silah ehtiyatlarının tükənməsi ilə bağlı müzakirələr Vaşinqtonda son günlər əsas gündəm mövzularından birinə çevrilib.

Aparıcı media orqanları — Reuters, Washington Post, Bloomberg — bu mövzu ilə bağlı ardıcıl məqalələr, yazılar dərc edib, ölkənin aparıcı siyasi şərhçiləri, hərbi ekspertləri bununla bağlı şərhlər verirlər.

Əsas arqument olaraq da onu səsləndirirlər ki, son aylar Amerika Birləşmiş Ştatları Ukraynaya əvvəlki qədər silah təchizatını həyata keçirmir və Ukrayna artıq Amerika Birləşmiş Ştatlarının xarici siyasətində prioritet məsələ deyil. Lakin bununla bağlı ABŞ Prezideni Donald Tramp özünün sosial şəbəkə hesablarında sərt bəyanat paylaşıb ki, Amerika Birləşmiş Ştatları dünyanın en böyük silah istehsal edən ölkələrindən biridir, ABŞ-ın silah sənayesi müəssisələri intensiv şəkildə fəaliyyət göstərir və qısacası ABŞ-ın kifayət qədər silah ehtiyatı var.

Mövzunu şərh edən siyasi ekspert Əhməd Şahidov Sherg.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə ABŞ-ın silah ehtiyatlarının tükənməsindən deyil, strateji resursların bölüşdürülməsindən danışmaq daha doğru olar. Onun sözlərinə görə, ABŞ-ın silah ehtiyatlarının azalması ilə bağlı müzakirələrə səbəb “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya əvvəlki həcmdə verilməməsidir:

" ABŞ-ın silah istehsal gücü kifayət qədər yüksəkdir və burada söhbət silah ehtiyatlarının tam tükənməsindən deyil, mövcud resursların müxtəlif istiqamətlər arasında bölüşdürülməsindən gedir. Məsələyə yalnız Ukrayna prizmasından yanaşmaq doğru deyil. ABŞ dünya gücü olaraq İsrailin təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət, İranla qarşıdurma, Körfəz ölkələrindəki hərbi bazalarının və müttəfiqlərinin müdafiəsi kimi bir sıra prioritet istiqamətlərə malikdir. “Patriot” sistemlərinə tələbatın artması ABŞ üçün ciddi resurs planlaşdırması tələb edir. Xüsusilə Yaxın Şərqdə ABŞ hərbi obyektlərinə hücumların qarşısının alınmasında bu sistemlərdən istifadə edilməsi ehtiyatların bölüşdürülməsinə təsir göstərir.  Düzdür, Ukraynanın təhlükəsizliyi ABŞ üçün prioritet məsələlərdən biridir. Lakin Vaşinqtonda hesab edirlər ki, bu təhlükəsizlik İsrailin, Körfəz ölkələrindəki ABŞ müttəfiqlərinin və Amerika hərbi bazalarının təhlükəsizliyindən daha üstün tutulmamalıdır. Ukraynanın təhlükəsizliyi ilk növbədə Avropanın təhlükəsizliyidir və buna görə də Avropa ölkələri Kiyevə hərbi dəstəyi artırmalıdır”.

Ə.Şahidovun fikrincə, ABŞ-ın Ukraynaya yanaşması əvvəlki administrasiyanın siyasətindən də fərqlənir. O bildirib ki, hazırda Vaşinqton Ukraynaya silahların birbaşa və ödənişsiz şəkildə verilməsindən daha çox, onların Avropa ölkələrinə satılması və həmin silahların avropalı dövlətlər tərəfindən Ukraynaya ötürülməsi modelinə üstünlük verir:

"Onu da deyim ki, Ukraynaya “Patriot” sistemlərinin əvvəlki həcmdə göndərilməməsi Kiyev üçün ciddi problem yarada bilər. Çünki Rusiyanın son dövrlərdə Ukrayna şəhərlərinə raket hücumlarını intensivləşdirməsi fonunda hava hücumundan müdafiə sistemlərinə ehtiyac daha da artıb. Lakin “Patriot” raketlərinin istehsalı uzun müddət və böyük maliyyə resursları tələb edir. Buna görə də ABŞ hökuməti mövcud sistemlərdən istifadə zamanı prioritet istiqamətləri nəzərə alır".