Peşə təhsilindəki PROBLEMLƏR SADALANDI

Təhsil naziri Emin Əmirullayev ölkədə peşə təhsilinin hazırkı durumu barədə danışıb. O, deyib ki, Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. Yüksək peşə ixtisas təhsilinə başlamışıq. Onlar öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər.


Nazir hesab edir ki, bununla da peşə təhsilinə maraq artacaq: “Son illər ölkədə peşə təhsilinə marağın artdığının şahidi oluruq. Belə ki, son ildə peşə təhsilinə 30 % məzun gəlmək istəyib. Vacib məsələ peşə məktəbini bitirən şəxsin sonradan iş yeri tapmasıdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 42 məzunu iş tapa bilib. Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstərisindən daha yaxşıdır”.

E.Əmrullayev, həmçinin bildirib ki, məzunların işlə təminatında peşə təhsili böyük potensiala malikdir:

 “Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Bir çox bölgələrdə peşə təhsil müəssisəsi yoxdur. Peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır”.

Təhsil eksperti Elçin Əfəndi bu barədə “Sherg.az”a açıqlamasında peşə təhsilini kütləviləşdirən amilləri sadaladı: 

“Bəli, son illər peşə təhsilinə maraq artıb. Əvvəllər belə deyildi. Bu, ilk növbədə peşə təhsili üzrə dövlət agentliyinin yaradılması ilə bağlıdır. Həmçinin Türkiyədən mütəxəssislərin dəvət edilməsi və bəzi ixtisaslarda peşə təhsilini bitirənlərə subbakalavr dərəcəsinin verilməsi də sözügedən istiqamətə marağı artırıb”.

E.Əfəndi problemlərdən də danışdı:

“Əvvəlki təfəkkür imkan vermir ki, kütləviləşmə kəskin olsun. Düzdür, müxtəlif otellər, restoranlar həmin gəncləri işə dəvət edirlər. Lakin təhsil müəssisələri ilə həmin iaşə obyektləri arasında rabitə yoxdur. Bu azmış kimi, prosesin marketinqi də düzgün aparılmır. Fikrimcə, peşə təhsili təkcə paytaxtda deyil, regionlarda da inkişaf etdirilməlidir. Hər halda sözügedən məsələ dövlətin prioritetlərindəndir. Məncə, gələcəkdə ölkəmizdə peşə təhsili arzuolunan səviyyəyə çatacaq”.